Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Şükürlər olsun Allaha ki, bu günü gördük! 30 ildən sonra öz torpaqlarımıza, öz yurdumuza gedirik. Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun. Bu gün arzumuz gerçəkləşir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdama köçən keçmiş məcburi köçkün Kamilə Məmmədova deyib.
O bildirib ki, doğma yurda qayıdışın sevincini yaşamaqla yanaşı, 85 yaşlı bir insanın da uzun illərdir davam edən torpaq həsrətinə son qoyulur. Onun ən böyük arzusu Ağdama getmək olub.
Ağdam sakini bu günlərə görə Allaha şükür etdiyini vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
“Allah Prezidentimizin, Mehriban xanımın canını sağ eləsin! Qazilərə Allah kömək olsun, şəhidlərə rəhmət eləsin! Onların sayəsində biz öz yerimizə, yurdumuza qayıdırıq. Arzumuz bu idi. Biz öz doğma torpağımızda, öz yurdumuzda yaşamaq, orada xoşbəxt olmaq istəyirik”, – deyə K.Məmmədova bildirib.