Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurdakı müasir təsərrüfatlar yeni imkanlar yaradır VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkəmiz üçün yeni imkanlara səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər daha çevik, innovativ və elmi əsaslara söykənən yanaşmalar tələb edir: “Rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas istiqamətləri olaraq qalmalıdır. İşğaldan azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır”.
Nazir əlavə edib ki, bütün islahatların və nailiyyətlərin mərkəzində insan əməyi dayanır: “Fəaliyyətimizin əsas meyarlarından biri fermer məmnunluğudur. Fermerlər dövlət dəstəyini vaxtında almalı, keyfiyyətli xidmətlərdən yararlanmalı və nazirliyi etibarlı tərəfdaş kimi görməlidirlər”.