Astarada tezyetişən naringinin yığımı aparılır – Qiymətlər 50 qəpikdən başlayır VİDEO
Astara, 30 oktyabr, AZƏRTAC
Astara rayonunda sitrus mövsümü başlayıb. Bağlarda bol məhsul yetişsə də, yay və payız aylarında yağıntının az olması naringinin inkişafına təsir edib. Bu səbəbdən meyvələrin bir hissəsi gözlənilən ölçüyə çatmayıb və nəticədə satış qiymətləri də aşağıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Astaranın sitrus bağlarında əsasən tezyetişən “Karli” sortunun yığımı aparılır. Yerli naringi sortları daha gec yetişdiyindən onların yığımına hələ başlanılmayıb. Fermerlər hazırda erkən yetişən məhsulun toplanmasına və satışına üstünlük verirlər.
Bağ sahiblərinin sözlərinə görə, bu il naringi ağaclarında məhsul kifayət qədər çoxdur. Lakin isti və quraq hava şəraiti, xüsusilə yay və payız aylarında yağıntının azlığı meyvələrin ölçüsünə təsir edib. Xırda naringilərin bazarda daha aşağı qiymətə satılması isə fermerlərin gəlirlərinə təsirsiz ötüşmür.
Astara sakini, fermer Anar Talıbov da bu mövsüm bağlarda məhsul bolluğunun olduğunu, ancaq quraqlıq səbəbindən meyvələrin bir qisminin xırda qaldığını bildirir. Onun sözlərinə görə, yetişdirilən naringi əsasən yerli bazarlara çıxarılır. Məhsulun ixracı ilə bağlı isə hazırda ciddi satış imkanları mövcud deyil.

Fermer qeyd edir ki, naringinin qiyməti onun ölçüsünə və keyfiyyətinə uyğun müəyyənləşdirilir. Hazırda bir kiloqram məhsul 50 qəpikdən 1 manatadək satılır. İriölçülü naringilərə daha yüksək qiymət təklif olunduğu halda, xırda meyvələr nisbətən ucuz alıcı tapır.
Astara bağlarında naringinin kütləvi yığımına isə noyabr ayının əvvəllərində başlanılması gözlənilir. Yerli sortların yetişməsi ilə əlaqədar həmin dövrdə yığımın daha geniş ərazini əhatə edəcəyi və bazara çıxarılan məhsulun həcminin artacağı proqnozlaşdırılır.
Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən, rayonda naringi bağlarının ümumi sahəsi 2676 hektardır. Bu bağların 2080 hektarı məhsuldar ərazilərdir. Ötən il Astara rayonunda 58 min 363 ton naringi istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 280,6 sentner təşkil edib.
Müxbir- İlkin Adıyev