Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda ərzaqlıq buğda proqramı çərçivəsində istehsal olunan məhsulun həcmi 2025-ci ildə 126 min ton olmuşdusa, cari ildə bu göstərici 170 min tondan çox olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, taxıl istehsalının artırılması istiqamətində əsas hədəf əkin sahələrini genişləndirmək deyil, daha az torpaq və su resurslarından istifadə etməklə məhsuldarlığı yüksəltməkdir: “Bu məqsədlə Dövlət Proqramında ərzaqlıq buğda istehsalının artırılması və müvafiq dəstək tədbirlərinin genişləndirilməsi nəzərdə tutulur.
Bu il ölkə üzrə taxıl məhsuldarlığı hektardan 33–34 sentner olduğu halda, ərzaqlıq buğda proqramı və müasir suvarma tətbiq edilən sahələrdə bu göstərici 54 sentneri ötüb. Əldə olunan nəticələr müasir suvarma sistemlərinin tətbiqi, lazer hamarlayıcılarından istifadə, keyfiyyətli toxumların seçilməsi, müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, gübrələmə və dərmanlama proseslərində dronlardan istifadə işlərin vaxtında və səmərəli aparılmasına imkan verir”.
O qeyd edib ki, bundan sonrakı əsas hədəf daha az əkin sahəsindən daha yüksək məhsuldarlıq əldə etmək və bununla da ümumi məhsul istehsalını artırmaqdır.
Videooperator - Vüsal Taqiyev