Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr edilən film nümayiş olunub.
Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkənin iqtisadi qüdrətinin və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş siyasətin həmkarlar hərəkatının inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial təşəbbüslərinin də əhəmiyyətini qeyd edib.
Həmkarlar ittifaqlarının fəaliyyətindən danışan Sahib Məmmədov işçilərin hüquqlarının müdafiəsi, rəqəmsal həllərin tətbiqi, üzvlərə göstərilən xidmətlərin əlçatanlığının artırılması və sosial layihələrin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Konfederasiya sədri Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasını mühüm addım kimi dəyərləndirərək, bunun əmək hüquqlarının kollektiv müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan, mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb.
Mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işlərdən də bəhs edən İdarə Heyətinin sədri əməkdaşların həmkarlar ittifaqlarında birləşməsinin bu sahədə əlavə imkanların yaradacağını vurğulayıb.
Sonda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasında yaradılmış ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edildiyini təsdiqləyən sənədi təşkilatın sədri Kamil Lətifova təqdim edib.