Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO
Paris, 30 oktyabr, AZƏRTAC
Parisdə “Azərbaycan Respublikasının fəxri təltifləri: 1918-ci ildən bu günədək” adlı kitabın təqdimatı və mövzu ilə bağlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimatda çıxış edən səfir Leyla Abdullayeva 2020-ci ildən etibarən hər il qeyd edilən Zəfər Günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə toxunub və Azərbaycanın fəxri təltiflərinə dair məlumat verib.
Sərginin Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlərini əks etdirdiyini deyən səfir təqdim olunan kitab barədə də danışıb. Bildirib ki, elmi baxımdan böyük dəqiqlik və ardıcıllıqla hazırlanmış bu əsər Azərbaycanın rəsmi təltif sisteminin inkişaf tarixini incəliklə və ətraflı şəkildə əhatə edir. Tədqiqatda ilk demokratik respublikanın yaradılmasından başlayaraq, sovet dövrünə və müasir Azərbaycan Respublikasının fəxri təltiflərinə qədər olan tarixi mərhələlər əhatə olunur.
Hərbi attaşe, polkovnik Cavid Abdullayev və kitabın müəllifi Aleksandr Vatən çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.
Tədbir iştirakçıları sərgi ilə tanışlıqdan sonra səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan tarixi və mədəniyyəti muzeyini də ziyarət ediblər.