Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Dövlət xidmətləri Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin mərkəzində dayanır. Çünki məhz dövlət xidmətləri vasitəsilə qəbul edilən siyasət və qərarlar insanların gündəlik həyatında real nəticələrə çevrilir. Azərbaycanın “ASAN xidmət” modeli bu istiqamətdə həyata keçirilən fəaliyyətin və transformasiyanın mühüm nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammitdə çıxış edərkən deyib.
L.Junhua qeyd edib ki, bu transformasiyada xidmət keyfiyyətinə, əlçatanlığa və innovasiyalara üstünlük verməklə “ASAN xidmət” modeli hökumətlərin vətəndaşların etimadının qazanılması və onların ehtiyaclarına cavab verilməsi ilə bağlı yanaşmanı köklü şəkildə dəyişib.
"Beynəlxalq ictimaiyyət bu uğuru yüksək qiymətləndirib. Belə ki, Azərbaycan ilk dəfə 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. 2019-cu ildə isə BMT-nin Dövlət Xidmətlərinin Rəqəmsal Hökumət Tətbiqi Vasitəsilə Təkmilləşdirilməsinə görə Xüsusi Mükafatını alıb. Həmin il Azərbaycan, həmçinin BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi edib. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti olaraq, Azərbaycanın inkişaf etməkdə olan ölkələrdə dövlət idarəçiliyi potensialının gücləndirilməsinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk", - deyə o əlavə edib.