Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Balıqçılıq və akvakultura sahəsində idarəetmə funksiyalarının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi aqrar siyasətimizin əhatə dairəsini genişləndirib. Nazirliyin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması isə sahənin vahid yanaşma əsasında inkişafı üçün zəruri institusional baza formalaşdırıb.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, müasir tələblərə uyğun biomüxtəlifliyin qorunması, ekosistemin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə Balıqçılıq və Akvakultura Mərkəzinin prioritet fəaliyyət sahələrindəndir.
“Su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası və qeyri-qanuni ovun qarşısının alınması əsas istiqamətlərdəndir. Balıqçılıq və akvakulturanın inkişafı ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın yerli məhsullarla təminatı, regionlarda məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması müasir texnologiyaların tətbiqini, elmi biliklərin istehsalata inteqrasiyasını və investisiyaların təşviqini tələb edir. Eyni zamanda, ölkədə nadir və nəsli kəsilməkdə olan növlərin qorunması, balıq-mühafizə, balıqartırma, eləcə də bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.
Məcnun Məmmədov əlavə edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur: “Eyni zamanda, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması qarşıya məqsəd qoyulmuşdur. Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırmaqdır. Bu artım daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək”.