BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün yüksəkkeyfiyyətli dövlət xidmətlərinin göstərilməsi sabahın çağırışlarına hazırlıqla paralel həyata keçirilməlidir. Gələcəyi qabaqlayan idarəetmə artıq seçim deyil, dayanıqlılığın təmin edilməsi üçün zərurətdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammitdə çıxış edərkən deyib.
L.Junhua qeyd edib ki, növbəti iki gün ərzində innovasiyaların hökumətlərə daha çevik, inklüziv, hesabatlı və gələcəyin çağırışlarına hazır olmağa necə kömək edə biləcəyi müzakirə ediləcək.
“Sammitdə institutların strateji uzaqgörənlikdən, sınaq və təcrübə mexanizmlərindən necə yararlana biləcəyini, yeni texnologiyaları və xüsusilə də süni intellekti cəmiyyətin rifahı naminə məsuliyyətlə necə tətbiq edə biləcəyini araşdıracağıq. Bakı sammitində əsas məqsədimiz yalnız gələcəyin dövlət institutlarını təsəvvür etmək deyil, onları qurmaq üçün bu gündən atmalı olduğumuz konkret addımları müəyyənləşdirməkdir".