Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib VİDEO
Ağstafa, 5 noyabr, AZƏRTAC
Ağstafa rayonunda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş müəllimlər arasında intellektual bilik yarışı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəçiliyində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta ümumtəhsil məktəbində keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri vurğulanıb. Belə intellektual yarışların müəllimlərin dünyagörüşünün genişləndirilməsi, tarixi yaddaşın qorunması, milli-mədəni irsə və memarlıq abidələrinə marağın artırılması baxımından əhəmiyyəti qeyd olunub.
12 komandanın qatıldığı yarışda iştirakçılara Azərbaycanın tarixi-mədəni irsi, memarlıq nümunələri və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı suallar təqdim edilib.
Yarışın nəticələrinə əsasən, Kəlbəcər komandası – Qaçaq Kərəm adına tam orta ümumtəhsil məktəbinin kollektivi birinci, Azərbaycan komandası – Həsənsu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi ikinci, Zəngilan komandası – Ə. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi isə üçüncü yeri tutub.
Müxbir - Ruslan Novruzoğlu