Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb VİDEO
Tbilisi, 5 noyabr, AZƏRTAC
Gürcüstan paytaxtında Cənubi Qafqaz Vəkillərinin 2-ci Beynəlxalq Futbol Turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk oyununda Azərbaycan və Türkiyə vəkillər kollegiyalarının futbol komandaları qarşılaşıb. Qarşılaşmadan əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Matç Tbilisidəki Nutsubidze Plato Futbol Mərkəzində keçirilib, 3:4 hesabı ilə türkiyəlilərin qələbəsi ilə başa çatıb.
Noyabrın 5-dən 7-dək keçiriləcək turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın vəkillər komandaları iştirak edir. Turnirin ilk günündə Azərbaycan-Türkiyə qarşılaşmasından sonra Gürcüstan və Özbəkistan komandaları üz-üzə gələcək.
Turnirin təşkilatçısı olan Gürcüstan Vəkillər Kollegiyasının məlumatına görə, yarışın əsas məqsədi müxtəlif ölkələrin vəkilləri arasında dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi, yeni peşəkar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Qeyd edək ki, turnir bu il ilk dəfə Gürcüstanda keçirilir. Yarış 2019-cu ildə Bakıda keçirilmiş Cənubi Qafqaz Vəkillərinin Beynəlxalq Futbol Turnirinin davamı hesab olunur. Gürcüstan Vəkillər Kollegiyası hazırkı yarışı rəsmi olaraq 2-ci Cənubi Qafqaz Vəkillərinin Beynəlxalq Futbol Turniri kimi təqdim edir.
Turnir Gürcüstanda hər il noyabrın 8-də qeyd olunan Vəkil Peşəsi Gününə həsr edilib. Final və üçüncü yer uğrunda oyunlar noyabrın 7-də keçiriləcək.