Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Kənd yerləri və kiçik yaşayış məntəqələri çox vaxt özünəməxsus problemlərlə üzləşirlər. Bunlara əhalinin azalması, dövlət xidmətlərinin əlçatanlığının məhdud olması, nəqliyyat çətinlikləri və yerli sahibkarların bazarlara çıxış imkanlarının məhdudluğu daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın kənd və şəhərsalma naziri Viktoria Lőrincz Bakıda keçirilən “İdarəetmənin gələcəyi: Baxış, missiya və transformasiya” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Bu problemlərin bir-biri ilə sıx bağlı olduğunu deyən nazir qeyd edib ki, bunları yalnız ayrı-ayrı sahələr üzrə həyata keçirilən cari tədbirlərlə həll etmək olduqca çətindir: “Həllin əsas açarı inkişafla bağlı qərarların insanlara daha yaxın səviyyədə qəbul edilməsidir. Çünki yerli icmalar öz problemlərini və imkanlarını ən yaxşı tanıyan tərəflərdir. Buna görə də onlar yalnız inkişaf layihələrinin ilkin mərhələsində deyil, bütün proses boyunca, o cümlədən planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər".