Həsənoğlunun böyük çağdaşı Qənbəroğlu haqqında yeni faktlar üzə çıxarılıb VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan ədəbiyyatşünaslığında anadilli şeirin ilk nümayəndəsi kimi Şeyx İzzəddin Həsənoğlunun qəbul olunması və anadilli ədəbiyyat tarixinin onun türkcə qəzəlləri ilə başlaması ənənəviləşmiş qənaət olsa da, uzun illər boyu apardığımız araşdırmalar daha öncə, həmçinin onun dövründə ana dilində yazıb-yaradan başqa söz sənətkarlarımızın olduğunu da üzə çıxardı. Nəticədə Hümam Təbrizi, Zülfüqar Şirvani, Şeyx Səfiəddin Ərdəbili, Nəsir Bakuyi, Hüsaməddin Xoyi və Həsənoğlunun adlarının yer aldığı ilk dövr anadilli şeirin nümayəndələrinin sırasına Bədrəddin Qivami və Qənbəroğlunun adlarını da əlavə etdik. XIII əsrdə yaşadığı bilinən Qənbəroğlunun adını sadaladığımız şairlərin çoxundan fərqli olaraq, bir deyil, bir neçə qəzəli günümüzə tam şəkildə gəlib çatmışdır və bu şair ədəbi təsir dairəsinin genişliyi ilə də seçilir.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva söyləyib.
Dosent qeyd edib ki, XVI əsr təzkirəçilərindən Lətifi Qəstəmonulunun bu şairin Həsənoğlunun böyük müasiri olduğunu qeyd etməsi təkcə ədəbiyyat tariximiz deyil, şeir sənəti və ədəbi əlaqələr tarixi baxımından da əhəmiyyət kəsb edir.
Səadət Şıxıyeva Qənbəroğlunun əsərlərinin dilinin sadə və axıcı olduğunu deyib: “Onun müxtəlif nəzirələr məcmuələrində və şeir toplularında yer alan qəzəlləri Qənbəroğlunun istedadlı bir şair kimi şeirsevənlər və söz sənəti sahibləri arasında rəğbətlə qarşılandığını göstərir. Şairin ərəb və uyğur əlifbası ilə yazıya alınmış əsərləri onun XIII-XVI əsrlərdə Ağqoyunlu, Teymuri və Osmanlıların idarəçiliyində olan torpaqlarda tanındığını göstərir. İlk olaraq, 2018-ci ildə haqqında Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi bəhs etdiyimiz Qənbəroğlunun (https://edebiyyatqazeti.az/news/edebi-tenqid/1648-azerbaycan-seirinin-qerib-sehifeleri) şeirlərinin sayı bu keçən illər ərzində artdı və müəyyənləşdirdiyimiz qəzəllərin sayı hazırda 9-dur. Şeirlərdə şairin təxəllüsünün Qənbəroğlu, Qənbəroğlan, Qənbərin oğlu və İbn Qənbər kimi müxtəlif formalarda təqdim edilməsi ənənəvi biçimdən fərqlənir
Məhdud saylı örnəklər belə Qənbəroğlunun bəzi sələf (Qasım) və xələfləri (Bəhramoğlu, Nəsimi, Ömər, Hidayət, Babur şah və s.) barədə müəyyən təsəvvür yaradır. Bu şairə ən çox nəzirə yazan isə Nəsimi olmuşdur. İndiyədək araşdırmalarda onun “Məcmuatün-nəzair”də yer alan bir nəzirəsinə diqqət çəkilmişdi. Amma araşdırmamız göstərdi ki, Qənbəroğlunun istər ərəb, istərsə də uyğur əlifbası ilə yazıya alınmış digər şeirləri də sözlük, arxitektonika, sənətkarlıq xüsusiyyətləri ilə Nəsimi şeirinin prototipi və ideya qaynağıdır”.
Müxbir – Fidan Əlizadə