Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir VİDEO
London, 5 noyabr, AZƏRTAC
Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir və gələcəkdə bu sahədə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də enerji təchizatının şaxələndirilməsində mühüm rol oynaya bilər.
Bunu AZƏRTAC-a açıqlamasında “XLinks” şirkətinin Xəzər regionu üzrə rəhbəri Adam Qrin deyib.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici rol oynamaq imkanları ölkənin enerji sektorundakı perspektivlərini daha da gücləndirir.
“Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir. Ölkənin coğrafi mövqeyi, Mərkəzi Asiya regionunda oynaya biləcəyi rol və Asiya ilə Avropanı birləşdirmək imkanları böyük əhəmiyyət daşıyır. Azərbaycanın müxtəlif ölkələrlə müsbət münasibətlər qurmaq bacarığı da müasir dünyada xüsusilə vacib amildir”, – deyə o vurğulayıb.
A.Qrin qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə vermək imkanları genişdir.
Qeyd edək ki, “XLinks” bərpaolunan enerji və elektrik enerjisinin ötürülməsi sahəsində irimiqyaslı layihələr hazırlayan Böyük Britaniya şirkətidir.