Elşad Məmmədov: Mənzil bazarında hüquqi təhlükəsizliyin təmin olunması üçün təminat qeydi institutunun tətbiqi genişləndirilməlidir VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Mənzillərin tikintisi başa çatmadan, qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilmədən, sadəcə A4 formatlı kağız üzərində bağlanan müqavilələr əsasında vətəndaşlara satılması müasir dövrün tələblərinə cavab vermir. Bu cür praktika gələcəkdə həm tikinti şirkətlərini, həm də mənzil alıcılarını ciddi hüquqi problemlərlə üz-üzə qoya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Bünövrədən çıxarışa” adlı panelində çıxışı zamanı deyib.
O bildirib ki, təminat qeydi institutunun ölkəmizdə geniş tətbiq edilməməsinin əsas səbəblərindən biri torpaq mülkiyyəti ilə bağlı məsələlərdir: “Belə ki, qanunvericilikdə təminat qeydinin mülkiyyətdə olan torpaq sahələrində aparılması nəzərdə tutulsa da, ölkəmizdə icarə hüququ əsasında əldə edilmiş torpaq sahələrində də çoxmənzilli yaşayış binalarının tikintisi geniş yayılıb.
Bu vəziyyət mənzil, tikinti və mülki hüquq münasibətləri arasında müəyyən ziddiyyətlərin yaranmasına səbəb olur və həm tikinti şirkətlərini, həm də mənzil alıcılarını çətin vəziyyətə sala bilir”.
Elşad Məmmədov qeyd edib ki, təminat qeydi institutunun daha geniş tətbiqi üçün həm dövlət qurumları, həm də tikinti şirkətləri müvafiq addımlar atmalıdırlar. Eyni zamanda, qanunvericilikdə mövcud olan boşluqlar və problemlər qısa müddətdə aradan qaldırılmalıdır.
Onun sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar daşınmaz əmlak bazarında hüquqi təhlükəsizliyin və şəffaflığın artırılmasına, alıcıların və tikinti şirkətlərinin hüquqlarının qorunmasına töhfə verə bilər.