Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub VİDEO
Berlin, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin altıncı ildönümü münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 350-dək qonaq, o cümlədən Almaniya Bundestaqının və dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, jurnalistlər, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli-mədəni kimliyi baxımından da müstəsna önəm daşıdığını vurğulayaraq, bu əlamətdar günün sülh və birgəyaşayış ideyalarını tərənnüm edən mədəniyyət və musiqi vasitəsilə qeyd olunmasının xüsusi məna kəsb etdiyini bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb, bu tarixin milli birlik, qəhrəmanlıq və ərazi bütövlüyünün bərpasının rəmzi olduğunu bildirib. Diplomat Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, qazanılan Zəfərin Azərbaycan Silahlı Qüvvələrinin misilsiz şücaəti, xalqımızın birliyi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olduğunu qeyd edib. N.Ağayev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, dağıdılmış şəhər və kəndlərdə həyatın yenidən canlandığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.
Səfir uzun illər ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasının, 10 min kvadratkilometr ərazidə şəhər və kəndlərin yerlə-yeksan edilməsinin ağır nəticələrini xatırladıb. N.Ağayev ədalətli bir dünyada bu cinayətlərin hərtərəfli araşdırılmalı və bütün təqsirkarların məsuliyyətə cəlb edilməli olduğunu vurğulayaraq, beynəlxalq münasibətlərdə hüquqla ədalət arasında dərin uçurumun mövcudluğuna təəssüflə diqqət çəkib.
Diplomat Azərbaycanın onilliklər boyunca suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl olunmasına çağırışlar etdiyini, lakin bu çağırışların nəticəsiz qaldığını, işğala göz yumulduğunu bildirib. N.Ağayev bu gün beynəlxalq platformalarda, xüsusilə Avropada həmin prinsiplərin böyük qətiyyətlə müdafiə olunduğunu qeyd edərək, Azərbaycanın əraziləri işğal altında olduğu, yüz minlərlə vətəndaşı didərgin salındığı və bütöv şəhər və kəndləri məhv edildiyi dövrdə eyni qətiyyətin nümayiş etdirilmədiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın ərazi bütövlüyünün və xalqımızın çəkdiyi əzabların digərlərindən daha az dəyər daşımadığını vurğulayaraq, beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə ikili standartlara və siyasi riyakarlığa yol verilmədən tətbiq edilməsinin vacibliyini bildirib.
N.Ağayev Azərbaycanın bu ədalətsizlikləri unutmadığını və unutmayacağını, lakin bütün bunlara baxmayaraq şüurlu şəkildə sülh yolunu seçdiyini qeyd edərək, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını, regionda davamlı sülhün təmin olunması istiqamətində ölkəmizin atdığı konkret addımları diqqətə çatdırıb.
Sonra “Qaytağı” ansamblının ifasında etnocaz konserti təqdim olunub.
Sonda Azərbaycan mətbəxinin təamlarının təqdim olunduğu qəbul təşkil edilib.