Zaqatalada "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi açılıb VİDEO
Zaqatala, 5 noyabr, AZƏRTAC
Vətənimizin azadlığı, ərzi bütövlüyü uğrunda canlarından keçən Zaqataladan olan şəhidlərin əziz xatirəsinə sərgi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində, suverenliyimizin bərpasında və torpaqlarımızın azad olunmasında canlarını fəda etmiş şəhidlərin, qazilərin və müharibə iştirakçılarının döyüş yoluna həsr olunan "Dəmir Yumruq Zəfərimizin Qəhrəmanları" adlı sərgi böyük maraqla qarşılanıb.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Sərgidən əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zaqatala Rayon İcra Hakimiyyəti yanında Şəhid ailələri və qazilərlə iş sektorunun müdiri Anar Seyidov tədbiri açıq elan edərək şəhidlərimizin qəhrəmanlığından və qazilərimizin şərəfli döyüş yolundan danışıb. O bildirib ki, bu sərgi sadəcə fotoların nümayişi deyil, tariximizin, qəhrəmanlığımızın və Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiramın ifadəsidir. Qəhrəmanlarımızın şücaəti gələcək nəsillərə hər zaman örnək olacaq.
Çıxışlarda belə sərgilərin Müzəffər Ali Baş Komandanın "Dəmir Yumruq" hərəkatı ətrafında birləşən Zaqatala qəhrəmanlarının gənclərə tanıdılması, şəhidlərin əziz xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Xatırladaq ki, bir neçə gün davam edəcək sərgi bağça uşaqları, rayon məktəbliləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, eləcə də müəllim kollektivləri üçün açıq olacaq. Bu müddətdə şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə görüşlər, müzakirələr və ədəbi-bədii kompozisiyalar təşkil ediləcək.