Rəşad Mustafayev: “PeşəFest”in iştirakçı sayı ötən illə müqayisədə iki dəfə artıb VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
“PeşəFest”in əsas məqsədi şagirdləri, gəncləri, onların valideynlərini və peşə mütəxəssislərini bir araya gətirmək, gənclərin gələcək peşə seçimləri ilə bağlı suallarını cavablandırmaqdır. “PeşəFest”in bu istiqamətdə yeni yanaşmanın əsasını qoyması, iştirakçıların peşələrlə yaxından tanış olması, mütəxəssislərlə ünsiyyət qurması və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün özlərini sınaması bizim üçün vacib idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “PeşəFest-2026"nın yekun tədbiri zamanı deyib.
O bildirib ki, layihə çərçivəsində 11 şəhərdə keçirilən tədbirlərdə yüksək iştirak qeydə alınıb: “Sumqayıtdan başlayan festivalın ümumi iştirakçı sayı 33 minə yaxın olub. Bu göstəricilər layihənin geniş əhatə dairəsini və gənclər arasında ona olan marağı nümayiş etdirir. Bu il keçirilən “PeşəFest” tədbirlərində iştirakçıların sayı 2025-ci illə müqayisədə iki dəfə artıb. Naxçıvanda təşkil olunan tədbir də böyük maraqla qarşılanıb və 1260 nəfər iştirak edib”.
Rəşad Mustafayev qeyd edib ki, festival çərçivəsində təqdim olunan 11 peşə istiqaməti gənclərə həm müasir texnologiyalar, əşyaların interneti və süni intellekt, həm də ənənəvi peşələrlə tanış olmaq imkanı yaradıb.
Operator - Ceyhun Mustafayev