İlqar Bayramlı: “PeşəFest”də iştirak edən peşə təhsili müəssisələrinin sayı artıb VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
“PeşəFest-2026” festivalı gənclərin peşə seçiminə və karyera planlamasına mühüm töhfə verir. Festival gənclərə öz maraq və bacarıqlarını daha yaxşı müəyyənləşdirmək, müxtəlif peşə ixtisasları ilə yaxından tanış olmaq və gələcək karyeralarını şüurlu şəkildə qurmaq imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşəfest-2026”nın yekun tədbirindən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dövlət peşə təhsili müəssisələri festivalda fəal iştirak edir.
“Ölkə üzrə keçirilən tədbirlərdə ötən il 12, bu il isə 14 peşə təhsili müəssisəsi təmsil olunub. Peşə təhsili müəssisələrində müxtəlif infoturlar və açıq qapı günləri təşkil olunur. Eyni zamanda, peşə təhsili almaq istəyən gənclərin düzgün karyera istiqaməti seçməsinə kömək etmək məqsədilə bütün peşə təhsili müəssisələrində karyera məsləhəti nöqtələri fəaliyyət göstərir. Hazırda peşə təhsili mərkəzlərində fəaliyyət göstərən səkkiz karyera məsləhəti mərkəzinin sayının qarşıdakı illərdə artırılması nəzərdə tutulur”, - deyə agentliyin direktoru vurğulayıb.
İ.Bayramlı “PeşəFest” festivalının gənclər arasında peşə təhsilinin nüfuzunun yüksəldilməsinə, onların müxtəlif ixtisaslarla yaxından tanış olmasına və ölkənin insan kapitalının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.