AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi, Vətən müharibəsi şəhidi Vüsal Rzayevin qardaşı Tural Rzayev AZƏRTAC-a müsahibəsində qardaşının hərbi xidmətindən, Aprel döyüşlərində iştirakından və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb.
Tural Rzayev bildirib ki, Vüsal Rzayev 2016-cı ildə hərbi xidmətini Murovdağ istiqamətində keçib. Həmin dövrdə başlayan Aprel döyüşlərində iştirak edən Vüsal xidmət zamanı göstərdiyi fərqlənmələrə görə üç dəfə məzuniyyətə buraxılıb. O, Aprel döyüşlərində iştirakına, eləcə də üç erməni kəşfiyyatçısının aşkarlanması ilə bağlı xidmətlərinə görə fərqlənib. 2017-ci ildə hərbi xidmətini təşəkkürnamə ilə başa vurub.
Qardaşının sözlərinə görə, Vüsal Rzayev 2020-ci il sentyabrın 21-də təlimlərə yollanıb. Sentyabrın 27-dən etibarən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
Tural Rzayev qeyd edib ki, qardaşı döyüşlərdə olduğunu ailəsindən gizlədib. Telefon danışıqları zamanı hər şeyin qaydasında olduğunu, kənd sakinlərinin onlara kömək etdiyini və vəziyyətin sakit olduğunu söyləyib. Halbuki həmin vaxt ağır döyüşlərin və təhlükənin içində olub. Müsahibimiz bildirib ki, Vüsalın ailə ilə son telefon danışıqlarından biri xüsusilə yaddaşlarına həkk olunub. Qardaşı həmin vaxt mühasirədə qaldıqlarını, oktyabrın 8-dən 11-dək oradan çıxmağa çalışacaqlarını bildirib. Çıxa bilmədikləri təqdirdə ailə üzvləri ilə halallaşıb. Xoşbəxtlikdən, Vüsal həmin mühasirədən sağ çıxmağı bacarıb. Tural Rzayevin sözlərinə görə, oktyabrın 14-də qardaşı növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Füzuli rayonunun Seyidəhmədli və Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərə qatılıb. Həmin döyüşlər zamanı mərmi partlayışı nəticəsində şəhid olub.
Tural Rzayev qardaşının döyüş yolunun ailəsi üçün daim qürur mənbəyi olduğunu vurğulayaraq onun Vətən uğrunda göstərdiyi fədakarlığın və qəhrəmanlığın heç vaxt unudulmayacağını bildirib.