DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin Zəfər Gününə həsr olunmuş rəsm əsərləri ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 8 Noyabr - Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm əhəmiyyətindən danışıb. Sədr Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini, onların qəhrəmanlığının gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb. Şəhid ailələrinin və qazilərin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edən Məleykə Abbaszadə DİM-in də bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.
Şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva isə Zəfər Gününün şəhid ailələri üçün mənəvi əhəmiyyətindən danışıb. O, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin yaşadılmasının, onların övladlarının diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.
Vətən müharibəsi qazisi Ramin Şirinov müharibə xatirələrini bölüşüb, Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışıb. O, Zəfər Gününün xalqımızın birliyinin, milli iradəsinin və Vətən sevgisinin təntənəsi olduğunu qeyd edərək şəhidlərin xatirəsinin yaşadılmasının, qazilərə diqqət və qayğının göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin bədii hissəsində vətənpərvərlik və Zəfər ruhunu əks etdirən musiqi nömrələri təqdim olunub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Nilay Quluzadə və Lalə Əliyeva “Qarabağ şikəstəsi”ni ifa ediblər. 34 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Yasəmən Əhmədova “Vətən yaxşıdır”, Əbdülrəhim Mürşüdov “Mənim Azərbaycanım”, Avtandil Şahsuvarov isə “Qarabağ” mahnılarını səsləndiriblər.
Proqram 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin xor kapellasının ifasında “Azərbaycan”, “Zəfər” və “Şən Azərbaycan” mahnıları ilə davam edib.
Qeyd edək ki, tədbirdə şəhid ailələrinin üzvləri, o cümlədən məktəbli şəhid övladları, Vətən müharibəsi qaziləri və Mərkəzin əməkdaşları iştirak ediblər.