“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO
İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-ə çatıb
Bakı, 6 noyabr, AZƏRTAC
Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə şəhid ailələrinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə keçirilən “Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi layihəsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və YAŞAT Fondunun dəstəyi ilə Yeni Klinikada təşkil olunan layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü tibbi müayinələrə cəlb edilib.
Layihənin əsas məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq olub.
Layihənin yekun tədbirində çıxış edən agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov şəhid ailələrinin sağlamlığının qorunmasının dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işləri qeyd edib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlanarkən Xidmətlər Zərfinə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-ə çatıb.
Koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib. Həmin implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limitləri ləğv olunub, sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb.
Agentlik əhalinin tibbi xidmətlərə artan tələbatını nəzərə alaraq Xidmətlər Zərfinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb. Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsinin planlaşdırıldığı qeyd edilib.
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxışlarında layihənin əhəmiyyətini, profilaktik müayinələrin və tibbi xidmətlərin əlçatanlığının vacibliyini vurğulayıblar.
Tədbirdə müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə xidmət göstərmək məqsədilə TƏBİB-in tabeliyindəki 71 tibb müəssisəsində 159 koordinatorun fəaliyyət göstərdiyi deyilib. Həmçinin hesabat dövründə icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrinə Vətən müharibəsi iştirakçılarına ümumi 439 min 953 müraciət əsasında 879 min 232 ambulator və 284 min 298 stasionar tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 221 min 348 müraciət əsasında 601 min 632 ambulator və 108 min 575 stasionar tibbi xidmət, habelə 55 min 180 və 1619 psixoloji xidmət göstərilməsi barədə vurğulanıb.
Qeyd edək ki, aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçib, tibbi göstərişlərə uyğun laborator və instrumental-diaqnostik müayinələrdən yararlanıblar.