8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO
Stokholm, 6 noyabr, АZƏRTAC
Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə Stokholmda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsveçin dövlət qurumları, elmi və mədəni dairələri, diplomatik korpusun təmsilçiləri, İsveç və Danimarkada yaşayan Azərbaycan diasporunun üzvləri, eləcə də İsveçdə təhsil alan tələbələrimiz iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın İsveçdəki səfiri Elnur Sultanov 8 Noyabr – Zəfər Günü münasibətilə həmvətənlərimizi təbrik edib və bu tarixi Zəfərin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və yüksək peşəkarlığının həlledici rol oynadığını vurğulayıb.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və minnətdarlıqla hər zaman yad edildiyini bildirən səfir, Zəfər Gününün Azərbaycan xalqının gücünün, birliyinin və sarsılmaz iradəsinin əbədi rəmzi olduğunu qeyd edib.
E.Sultanov Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərindən danışıb. O, mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi, eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.
Sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbir musiqi proqramı ilə davam edib. Azərbaycanlı musiqiçilər - pianoçu Aynur Məlikova və mezzo-soprano Çinarə Əzimovanın ifasında Azərbaycan və Avropa klassiklərinin əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.