Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Keniyadakı Səfirliyinin təşkilatçılığı, Keniya Xüsusi Təlim-Tədris İnstitutu (KXTTİ) və Keniya Prezidentinin qızı Şarlin Rutounun rəhbəri olduğu “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə ötən il KXTTİ-nin nəzdində yaradılmış Keniya Gənclərinin Liderliyi və İnnovasiya Mərkəzində panel müzakirə təşkil olunub. Müzakirələrdə Azərbaycanın münaqişənin həlli, postmünaqişə dövründə bərpa və yenidənqurma, humanitar minatəmizləmə sahəsində təcrübəsi, eləcə də dayanıqlı sülh və regional əməkdaşlıq istiqamətində mövqeyi və səyləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə “Zəfərdən sülhə və yenidənqurmaya” mövzusunda videoçarx nümayiş etdirilib, foto-sərgi təqdim olunub. Keniyalı gənclərə Azərbaycanın tarixi Qələbəsinin unudulmaz anları və postmünaqişə dövründə həyata keçirilən inkişaf və quruculuq işləri barədə ətraflı məlumat verilib.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Azərbaycanda ali təhsil alan bir qrup keniyalı tələbə də tədbirə Bakıdan canlı bağlantı vasitəsilə qoşulub.
Çıxışlarda Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyinin, əzminin və qətiyyətinin təntənəsi olub. Həmçinin Azərbaycanın qələbədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması istiqamətində ardıcıl səyləri diqqətə çatdırılıb. Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin, humanitar minatəmizləmə və reinteqrasiya tədbirlərinin münaqişədən sonrakı inkişaf baxımından əhəmiyyəti qeyd olunub.
Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş bədii proqram təqdim edilib. Azərbaycanlı və keniyalı rəqqasların ifasında milli rəqslərimiz qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçılarına, həmçinin Azərbaycan milli mətbəxinin nümunələrinin təqdim olunduğu ziyafət verilib.