Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan ilə Çin arasında münasibətlər durmadan inkişaf edir və strateji xarakter daşıyır. Prezident İlham Əliyevin Çinə son səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat”ın imzalanması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın əsas istiqamətlərini müəyyən etdi.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Çin münasibətlərinin təməli tarixən Böyük İpək Yolu ilə bağlı olan iki xalqın ənənəvi dostluğuna, eləcə də əsas beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə əsaslanır.
Direktor qeyd edib: “Birinci aspekt tarixən Böyük İpək Yolu ilə bağlı olan iki böyük xalqın ənənəvi dostluğudur. Digər vacib aspekt isə iki dövlətin ərazi bütövlüyünə və Azərbaycanın beynəlxalq arenada rəsmi nümayəndələrimiz tərəfindən daim vurğulanan “Vahid Çin” prinsipinə sadiqliyi kimi vacib qlobal məsələlərdə qarşılıqlı dəstəkdir”.
İqtisadi əməkdaşlıqdan bəhs edən R. Abbasov nəqliyyat və logistika əlaqələrinin xüsusi əhəmiyyətini vurğulayıb. O hesab edir ki, Çin müvafiq infrastrukturun inkişafında mühüm rol oynayıb və bu, qismən də maliyyə resursları sayəsində baş verib: “Çində Bakı-Tbilisi-Qars dəmir yolunun “Dəmir İpək Yolu” adlandırılması təsadüfi deyil. Hazırda bu layihə, o cümlədən Trans-Xəzər marşrutunun bir hissəsi kimi inkişaf edir. Bu il Çindən Mərkəzi Asiyaya və oradan da Avropaya gedən tranzit qatarların sayı ikiqat artıb. Azərbaycan faktiki olaraq, Çini təkcə Avropa ilə deyil, dünya ilə birləşdirən mühüm alternativ nəqliyyat və logistika mərkəzinə çevrilib”.
Agentliyin həmsöhbəti, həmçinin ikitərəfli ticarətin artımını və Azərbaycanın Çinə ixracının dəyişən strukturunu qeyd edib. Xüsusilə, kənd təsərrüfatı məhsulları və emal olunmuş malların tədarükü artır.
“Hamımız bilirik ki, Çin orta rifah dərəcəsində cəmiyyət yaratmaq proqramı nəticəsində hazırda ekoloji cəhətdən təmiz məhsullara xüsusi diqqət yetirir. Bu kontekstdə məhsullarımız əhəmiyyətli yer tutur. Bundan əlavə, emal olunmuş müxtəlif mallar ixrac olunur”, - deyə R. Abbasov vurğulayıb.
O hesab edir ki, iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, ilk növbədə, müasir və texnologiya yönümlü sənaye sahələrini əhatə edəcək: “Çin müasir iqtisadiyyatın bir çox sektorunda aparıcı qüvvədir. Buna görə də informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və ətraf mühit sahələrində əməkdaşlığımız xüsusilə vacibdir. Məhz bunlar bu gün qlobal iqtisadi inkişaf üçün əsas olan sektorlardır. Biz başa düşürük ki, iqtisadi-ticari münasibətlərimizin hərtərəfli xarakteri möhkəmlənməyə davam edəcək. Bu, labüddür, çünki Bakı və Pekin səylərini müasir iqtisadi sektorların inkişafına yönəldib”.
Konfutsi İnstitutunun direktoru, həmçinin investisiya və təşkilati-iqtisadi əməkdaşlığın intensivləşdiyini qeyd edib. Çin şirkətləri Azərbaycandakı layihələrdə iştirak edir. Eyni zamanda, tərəflər Çin kapitalının iştirakını genişləndirmək üçün yeni imkanları araşdırırlar.
“İqtisadi və təşkilati əməkdaşlığımız aktivdir. Bu yaxınlarda ixtisaslaşmış, əsasən Çindən ibarət Azad İqtisadi Zonanın yaradılmasını nəzərdən keçirmək üçün komissiya gəldi”, - deyə R. Abbasov bildirib.
Hər iki ölkə müasir iqtisadi sektorların inkişafına və qlobal çağırışlara birgə cavab verməyə diqqət yetirir. Məsələn, bərpaolunan enerji və yüksək texnologiyalar sahəsindəki layihələr: “Çin şirkəti tərəfindən Günəş elektrik stansiyasının tikintisi mahiyyət etibarilə ekologiya, çirklənmə və digər məsələlər kimi qlobal çağırışlara birgə cavabımızdır. İnformasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq bu gün dünyada mövcud olan siyasi və iqtisadi çağırışlara reaksiyadır. Həmçinin hamımız kibertəhlükəsizliklə bağlı əhəmiyyətli problemlərin fərqindəyik”.
Direktor fikirlərini yekunlaşdıraraq əlavə edib: “Azərbaycan tədricən müasir iqtisadi sektorların inkişafına diqqət yetirir. Bu prosesdə Çin təkcə vacib tərəfdaş deyil, həm də uğurlu texnoloji inkişafın yaxşı nümunəsi və dəstəkləyicisidir”.