Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO
Tbilisi, 7 noyabr, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlılar, soydaşlarımızın yaratdığı icmalar 8 Noyabr – Zəfər Gününü qeyd etməyə hazırlaşırlar. Bu əlamətdar günə həsr olunan tədbirlərə hazırlaşanlar arasında “Barlas” İdman Federasiyasının üzvləri də var.
AZƏRTAC xəbər verir ki, məşqlərini “Yaşasın Azərbaycan!” şüarı altında davam etdirən yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri üzrə turnirdə qalib gəlməyi hədəfləyirlər.
“Barlas” Federasiyasının təsisçisi və məşqçisi Faiq Məmmədov bildirib ki, uzun müddətdir uşaqların və gənclərin idmana cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində çalışırlar.
“Xeyli vaxtdır ki, uşaqların və gənclərin idmanla məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, zərərli vərdişlərdən uzaq durmaları üçün çalışırıq. Valideynlər də övladlarını həvəslə klubumuza gətirir, onların sağlam ruhda böyüməsi üçün bizimlə birgə səy göstərirlər. Bu da bizi daha əzmlə çalışmağa ruhlandırır”, – deyə məşqçi vurğulayıb.
Faiq Məmmədov Zəfər Gününə həsr olunmuş turnirdə qalib gələcəklərinə inandığını bildirib.
Digər məşqçi Əli Qəmbərov da yetirmələrinin yarışa ciddi hazırlaşdıqlarını və uğur qazanacaqlarına inandığını söyləyib.
“İdmançılarımız artıq Gürcüstan çempionu olublar, müxtəlif fəxri adlara layiq görülüblər. Onlar bütün yarışlarda olduğu kimi, bu dəfə də ciddi hazırlaşırlar. Yaxşı başa düşürlər ki, bu turnirdə qalib gəlmək və Azərbaycanın Zəfər Gününə layiqli töhfə vermək vacibdir. İnanıram ki, yarışdan üzüağ çıxacağıq”, – deyə Əli Qəmbərov bildirib.
Gənc və yeniyetmə idmançılar da turnirdə qalib gəlmək əzmində olduqlarını bildiriblər.
Qeyd edək ki, Zəfər Gününə həsr olunan turnirdə yalnız “Barlas” klubunun deyil, digər idman klublarının yetirmələri də mübarizə aparacaqlar.