Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO
Moskva, 7 noyabr, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın siyasi və ictimai dairələrinin nümayəndələri, Moskvada akkreditə olunmuş bir neçə ölkənin səfirləri, hərbi attaşelər və Azərbaycan diasporunun tanınmış simaları iştirak ediblər. Qonaqlara İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi haqqında film nümayiş etdirilib.
Ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, 8 noyabr 2020-ci ildə Şuşa qalası üzərində Azərbaycan bayrağı qaldırılıb. O, onilliklər boyu işğal zamanı dağıdılmış şəhər və kəndləri, mədəni abidələri və təhqir olunmuş müqəddəs yerləri xatırladıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpasından danışan diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar münaqişənin dondurulmasına səbəb olub, BMT Təhlükəsizlik Şurasının qətnamələri isə illərdir müzakirə mövzusu olaraq qalıb: “8 noyabrın ən vacib dərsi və əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq hüquq prinsipləri avtomatik olaraq tətbiq olunmur. Onlar uğrunda mübarizə aparılmalıdır. Yalnız millətin liderinin siyasi iradəsi, onun xalqla birliyi, ölkənin güclü iqtisadiyyatı və ən əsası, bu prinsipləri tətbiq edə bilən müasir ordu ərazi bütövlüyünü təmin etməyə qadirdir”.
R. Mustafayev 44 günlük müharibədə Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirib və şəhidlərin xatirəsini ehtiramla yad edib. “Zəfər Gününü qeyd edərkən, şəhidlərin xatirəsini minnətdarlıqla yad edir və sağ qalanların cəsarətinə ehtiram göstəririk”, - deyə o vurğulayıb.
Səfir, həmçinin azad edilmiş ərazilərin yenidən qurulmasından danışaraq üç beynəlxalq hava limanının inşa olunduğunu, habelə yolların, körpülərin, tunellərin, yaşayış binalarının, məktəblərin və tibb müəssisələrinin tikintisinin davam etdiyini diqqətə çatdırıb. Diplomat Qarabağda sosial obyektlərin tikintisini maliyyələşdirən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Rusiyanın Həştərxan vilayətinin töhfələrini qeyd edib.
Onun sözlərinə görə, yenidənqurma işlərinə təxminən 15 milyard dollar sərmayə qoyulub. 2027-2030-cu illərdə bu məqsədlər üçün əlavə 8 milyard dollar ayrılması planlaşdırılır. “Hazırda təxminən 100.000 insan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun rayonlarında yaşayır, işləyir və təhsil alır”, -deyə o bildirib.
Diplomat yenidənqurma işlərinin minaların təmizlənməsi ilə mümkün olduğunu vurğulayıb: “Hazırda Qarabağın və qonşu rayonların təxminən 26 faizi minalardan təmizlənib. Bu işlər davam edir”.
Səfir Qarabağın azad edilməsinin əsas nəticələrindən biri kimi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının başlanğıcını göstərib. O xatırladıb ki, 8 avqust 2025-ci ildə tərəflər Vaşinqtonda sülh müqaviləsini paraflayıblar və sərhədlərin delimitasiyasına başlanılıb. Səfir Bakının mövqeyini açıqlayıb və qeyd edib ki, ona əsasən, müqavilənin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar Ermənistan Konstitusiyasından və qanunvericiliyindən çıxarılmalıdır.
Rusiya ilə münasibətlərdən danışan diplomat 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin onların təməli olaraq qaldığını vurğulayıb. Onun fikrincə, iki ölkənin liderləri İlham Əliyev və Vladimir Putin arasında 9 oktyabr 2025-ci ildə Düşənbədə keçirilən görüş bu müttəfiqlik münasibətlərinin zamanın sınağından keçdiyini və ikitərəfli münasibətlərin normallaşması prosesinin başladığını nümayiş etdirib. Diplomat bildirib ki, bu ilin ilk 10 ayında artıq 40-dan çox yüksək səviyyəli səfər həyata keçirilib ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur. O, həmçinin qeyd edib ki, Azərbaycan Rusiyanın 75 bölgəsi ilə iqtisadi-ticari əlaqələr saxlayır. Səfir “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini də vurğulayıb.
Daha sonra Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhməzov çıxış edib. O, Zəfər Gününü Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri adlandırıb və işğal illərində yüz minlərlə insanın doğma yurdlarından qaçmağa məcbur olduğunu xatırladıb.
Polkovnik Azərbaycanın müdafiəsini gücləndirdiyini və Ordusunun döyüş hazırlığını artırdığını diqqətə çatdırıb. O, xüsusilə, Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rolunu vurğulayaraq, onun güclü siyasi iradəsini, strateji vizyonunu və çətin hərbi-siyasi şəraitdə verdiyi qərarları qeyd edib. Vətən müharibəsi zamanı ölkə rəhbərliyinin səyləri, Ordunun döyüş meydanındakı hərəkətləri və ümumxalq dəstəyi vahid bir məqsəd ətrafında birləşib.
Hərbi attaşe Şuşanı milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi gücümüzün rəmzi adlandırıb. O, şəhidlərin xatirəsini ehtiramla yad edib və qazilərin cəsarətinin gələcək nəsillər üçün nümunə olaraq qaldığını vurğulayıb. K. Təhməzov, həmçinin dövlətlər arasında etimadı möhkəmləndirməkdə hərbi diplomatiyanın əhəmiyyətini qeyd edib: “Ölkəmiz regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində maraqlıdır”.
Tədbir bayram konserti ilə davam etdirilib. Beynəlxalq müsabiqələrin laureatları Səxavət Məmmədov (tar), Camalə Abdinzadə (fortepiano) və Aysun Mahmudzadə (soprano) qonaqların qarşısında çıxış ediblər.
Bayram axşamı şam yeməyi ilə başa çatıb.