Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO
Bakı, 7 noyabr, AZƏRTAC
Şəhidlərimiz və qazilərimiz gələcəyimiz işıqlı olsun deyə canlarından keçiblər. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının milli birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının təntənəsidir. Bu Qələbə, xüsusilə Qarabağdan olan insanlar üçün illərlə davam edən həsrətin sona çatması, doğma torpaqlara qovuşmaq və milli qürurun bərpası deməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocavənd rayonunun Meşəli kənd sakini İmran Rəcəbov söyləyib.
O, 8 Noyabr – Zəfər Gününün onun üçün daşıdığı mənadan, Vətən müharibəsindən sonra yaranan qürur hissindən, eləcə də şəhid ailələrinə və qazilərə göstərilən diqqətdən danışıb. O bildirib ki, azərbaycanlı və qarabağlı olaraq bu Zəfər onu da bütün xalqımız kimi sonsuz sevindirib: “Həqiqətən də, bu Qələbə bütün azərbaycanlıları sevindirdiyi kimi bizi də çox sevindirdi. Mən özüm də hərbçi olmuşam. Allah şəhidlərimizin ruhunu şad eləsin, Ali Baş Komandanımıza, xalqımıza, qazilərimizə və ordumuza cansağlığı versin. 44 günlük Vətən müharibəsinə qədər mən özüm Murov, Talış-Suqovuşan istiqamətlərində xidmətdə olmuşam. Düşmənin qarşısında məğlub əsgər kimi dayanmaq həqiqətən də qürurumuza toxunurdu. Amma bu gün yenilməz Ali Baş Komandanımızın siyasəti, şəhidlərimizin, qazilərimizin, ordumuzun və xalqımızın birliyi nəticəsində bu Zəfəri yaşayırıq”.
İ.Rəcəbov vurğulayıb ki, bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və Prezident İlham Əliyevin xarici ölkələrdə yüksək səviyyədə qarşılanması hər bir azərbaycanlıda qürur hissi yaradır. Çünki Azərbaycan güclü ordusu, birliyi və qalib xalqı ilə dünyada öz sözünü deyən dövlətdir. O, bütün şəhid ailələrini və xalqımızı Zəfər bayramı münasibətilə təbrik edərək, Azərbaycanın hər zaman qələbələrlə dolu bayramlar yaşamasını arzulayıb. Qeyd edib ki, Zəfər yalnız hərbi Qələbə deyil, həm də gələcək nəsillərə ötürülməli olan milli yaddaş, birlik və məsuliyyət nümunəsidir. Onun sözlərinə görə, şəhidlərin əziz xatirəsini yaşatmaq, qazilərə və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.
Müxbir - Tünzalə Arazlı