Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO
Paris, 7 noyabr, AZƏRTAC
Parisin ən məşhur “Kiff & Marais” qalereyasında Fransada yaşayıb yaradan azərbaycanlı həvəskar fotoqraf Ülkər Müller-Məmmədovanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamlıqdan fotoqrafiyaya uzanan yaradıcılıq yolu müəllifin dünyaya özünəməxsus baxışını formalaşdırıb. Uzun illər rəsm və boyakarlıq onun əsas ifadə vasitəsi olub. İnsan simaları, bədənlərin plastikası, işıq və kölgənin yaratdığı incə çalarlar yaradıcılığının başlıca ilham mənbəyinə çevrilib. Zaman keçdikcə həyatın ritmi sürətlənsə də, yaratmaq həvəsi dəyişməz qalıb.
Fotoqrafiya isə bu yaradıcılıq axtarışlarının təbii davamı kimi meydana çıxıb. Kamera vasitəsilə müəllif onu duyğulandıran anları – bir jesti, insan siluetini, pəncərədən süzülən işığı və ötəri mənzərələri özünəməxsus baxış bucağından əks etdirməyə başlayıb. Onun fotoqrafiya yaradıcılığında gündəlik həyat, səyahətlər, keçid məkanları və zamanın sanki dayandığı anlar xüsusi yer tutur. Müəllif üçün əsas məqsəd hadisələri olduğu kimi sənədləşdirmək deyil, onların doğurduğu hissləri, xatirələri və ötəri duyğuları tamaşaçıya çatdırmaqdır. Küçələr, vağzal platformaları, pəncərələr və insan siluetləri onun obyektivində hər kəsin öz hekayəsini tapa biləcəyi poetik məkanlara çevrilir.
İşıq və kölgə arasında qurulan vizual dialoq müəllifin fərdi fotoqrafik üslubunun əsas xüsusiyyətlərindəndir. Fotoşəkillərin işlənməsi mərhələsində isə o, rəssamlıq təcrübəsinə qayıdaraq, hər təsvirə çəkiliş anında onu valeh edən ilkin duyğunu yenidən qazandırmağa çalışır.
Müəllifin yaradıcılığının əsas məqsədi tamaşaçını gündəlik həyatın sürətli axınından bir anlıq uzaqlaşdırmaq, ona ətraf aləmə fərqli nəzərlərlə baxmaq və ilk baxışda adi görünən məqamlarda gizlənən poetik gözəlliyi kəşf etmək imkanı yaratmaqdır.