Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO
Berlin, 7 noyabr, AZƏRTAC
Bu gün Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində 20-ci Azərbaycan-Alman Tibb Günləri işə başlayıb.
AZƏRTAC xəbr verir ki, 8 Noyabr - Zəfər Gününə və Azərbaycan ilə Almaniya arasında tibb sahəsində çağdaş əməkdaşlığın 20-ci ildönümünə həsr olunan beynəlxalq konfransda Azərbaycanda və Almaniyada fəaliyyət göstərən 200-dək tibb işçisi iştirak edib.
Tədbirin açılış mərasimində konfransın həmsədrləri professor Qurbanxan Müslümov və professor Ramazan Cabbarlı, Milli Məclisin deputatı və səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxış ediblər.
Açılış çıxışlarından sonra 20-ci Azərbaycan-Alman Tibb Günləri işini panel iclasları ilə davam etdirib. Plenar iclasları “Müasir texnologiyalar, süni intellekt, robotika və klinik innovasiyalar”, “Azərbaycan-Almaniya əməkdaşlığı, təhsil və tibbi xidmətin reallıqları”, “Sağlam uzunömürlülük və interdisiplinar mövzular” mövzularına həsr olunub. Konfrans çərçivəsində klinik tibbdə süni intellekt, tibbi tədqiqat və təhsildə süni intellekt, Azərbaycan-Almaniya əməkdaşlığı, tibbi etika və Azərbaycan-Almaniya dialoqu mövzularında panel müzakirələri də aparılıb.
Konfransda Azərbaycan ilə Almaniya arasında tibb sahəsində əməkdaşlığın inkişafında fəallığı ilə seçilən şəxslərə diplom və sertifikatlar təqdim olunub.
Bu konfrans tibbin müxtəlif sahələrində ən son yeniliklərlə tanışlıqla yanaşı, beynəlxalq təcrübə qazanmaq və Almaniyanın aparıcı mütəxəssisləri ilə birbaşa elmi və kliniki əlaqələr qurmaq imkanı da təqdim edib. Belə ki, tədbir çərçivəsində 10 tibbi ixtisas üzrə Almaniyanın yüksəkixtisaslı klinikalarında birhəftəlik kurslarda iştirak, elmi məruzə ilə çıxış etmək və panel diskussiyalara qatılmaq, habelə Almaniyanın aparıcı klinika və universitetlərindən olan azərbaycanlı və alman mütəxəssislərlə şəxsi və peşəkar əlaqələr qurmaq, birgə elmi və kliniki tədqiqat layihələrində iştirak etmək imkanı yaradılıb.
Konqres noyabrın 8-də Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş tədbirlə davam edəcək.