Rəşad Mahmudov: Zəfər bayramı münasibətilə Berlində Azərbaycan-Alman Tibb Günlərinin keçirilməsi qürurverici hadisədir VİDEO
Berlində Azərbaycan-Alman Tibb Günləri konfransının keçirilməsi əlamətdar hadisədir. Əlbəttə ki, bu konfrans Almaniyada təhsil alan, həkimlik fəaliyyəti göstərən və burada çalışan tibb mütəxəssisləri və azərbaycanlı elm adamlarının birgə platformasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Berlində keçirilən və 8 Noyabr – Zəfər Gününə həsr olunan Azərbaycan-Alman Tibb Günləri ilə bağlı media nümayəndələrinə açıqlamasında söyləyib.
Zəfər bayramı ərəfəsində belə bir tədbirin təşkilinin və müzakirələrdə iştirakın son dərəcə qürurverici hadisə olduğunu qeyd edən R. Mahmudov deyib: “20-ci ildönümünü qeyd etdiyimiz bu tədbirdən 20 il əvvəl tələbə kimi bu ölkəyə gəlmiş azərbaycanlı həkimləri bu gün Almaniyada aparıcı klinikalarda baş həkim, aparıcı mütəxəssis kimi görmək fərqli bir duyğudur. Əlbəttə ki, bunu əvvəllər xəyal etmək bir az çətin idi, amma Zəfər qazanmağımızdan 6 il keçməsinə baxmayaraq, dünyada misli görülməmiş qürur yaşayan bir xalqın övladları olaraq biz gələcəyimizə daha nikbin baxırıq”.
Şanlı Zəfərin qazanılmasında həkimlərin də rolunu vurğulayan deputat bildirib: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və xalqımızın bizə yaşatdığı bu şərəfli tarixin bir parçası olaraq hesab edirəm ki, harada yaşamasından asılı olmayaraq, həkimlərimiz öz missiyasını dərk edir. Onlar həm mütəxəssis, həm də vətəndaş kimi ölkəmizin daha da inkişafına töhfə verməyə davam edəcəklər. Əlbəttə ki, həkimlərimizin Zəfərdəki payı sadəcə Vətən müharibəsi zamanı deyil, həm də eyni dövrdə COVID-ə qarşı aparılan mübarizədə də aydın görüldü. Əlamətdar hal odur ki, sadəcə ölkə sərhədləri içərisində deyil, dünyanın hər bir nöqtəsində olan Azərbaycan həkimi istər Vətən müharibəsində, istərsə də pandemiya zamanı Vətəninə olan sevgisini çox gözəl ortaya qoydu. Bu, əslində, Azərbaycan xalqına münasibətdir. Bu, Ali Baş Komandanın rəhbərliyi ilə mübarizənin aparıldığı o şərəfli yola Azərbaycan həkiminin harada olmasından asılı olmayaraq verdiyi töhfə və onun üzərinə düşən məsuliyyətdir”.
Elvin Mövsüm