Əkiz qardaşların Zəfər yolu: Eyni səngərdə çiyin-çiyinə döyüşdülər, bir-birinin həyatını xilas etdilər
Bakı, 8 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi Zəfər tariximizin ən şanlı səhifələrindəndir. Bu müharibədə torpaqlarımızın azadlığı uğrunda çiyin-çiyinə döyüşənlər arasında qardaşların, hətta əkizlərin də olması xüsusi qürur doğurur. Gəncədən olan Ayxan və Sərxan Əlizadə qardaşları da 2020-ci ilin iyulunda birlikdə hərbi xidmətə yollanıb, Vətən müharibəsi başlayanda eyni döyüş yolunu keçiblər. Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən qardaşların yaddaşında silinməz iz qoyan hadisələrdən biri isə bir-birinin həyatını xilas etdikləri olub.
Bu barədə AZƏRTAC-a açıqlama verən Ayxan və Sərxan Əlizadə qardaşları keçdikləri döyüş yolundan, qazanılan tarixi Zəfərdən böyük qürur hissi ilə danışıblar.
Ayxan Əlizadə müharibədən sonra Bakı Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirib, 2017-ci ildə kollecinə daxil olub və 2020-ci ildə təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Qardaşı Sərxan Əlizadə isə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Xətai Kollecinə qəbul olunub. 2020-ci ildə təhsilini başa vurduqdan sonra qardaşı ilə birlikdə hərbi xidmətə başlayıb.
Ayxan Əlizadə bildirib ki, hərbi xidmətə yollandıqları zaman müharibədə iştirak edəcəklərini, illərlə həsrətində olduqları torpaqların azadlığı uğrunda döyüşəcəklərini təsəvvür etmirdilər: “Bir gün hərbi hissə komandirimiz bütün taboru topladı və bildirdi ki, artıq döyüş vaxtı çatıb. Aramızdan şəhidlər, qazilər və veteranlar olacaq. O zaman bu sözlərin nə qədər real olduğunu tam dərk etmirdik. 30 il işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda yenidən müharibə başlayacağına inanmaq çətin idi. Lakin 27 sentyabr səhəri eşitdiyimiz atəş səsləri hər şeyi dəyişdi. Bir tərəfdən çətin və həyəcanlı idi, digər tərəfdən isə böyük qürur hissi keçirirdik. Çünki biz də torpaqlarımızın azadlığı uğrunda döyüşəcəkdik”.
Qardaşlar Xocavənd və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak ediblər. Ayxan Əlizadənin sözlərinə görə, döyüş meydanında ən ağır məqamlardan biri uzun müddət bir yerdə xidmət etdikləri silahdaşlarını itirmək olub: “Birlikdə oturub-durduğumuz, günlərlə, aylarla çiyin-çiyinə xidmət etdiyimiz dostlarımızın şəhid olması çox ağır idi. Məmmədov Altun və Vacib Məmmədov da şəhidlərimiz arasındadır. Onların itkisi sözlə ifadə olunmayacaq qədər ağrılıdır. Hər dəfə şəhid xəbəri gələndə elə bil biz də onlarla birlikdə nəyisə itirirdik. Amma bütün bunlara baxmayaraq, geri çəkilməməli olduğumuzu bilirdik. Gözümüzün önünə 1990-cı illərin müharibəsi, Xocalı soyqırımı, xalqımızın yaşadığı faciələr gəlirdi. Düşünürdük ki, biz bu dəfə qalib gəlməliyik”.
Ayxan Əlizadənin yaddaşından silinməyən ən təsirli xatirələrdən biri qardaşı Sərxanla birlikdə sığınacaqda olduqları vaxt yaşanıb. Düşmən mövqelərini intensiv artilleriya atəşinə tutarkən əsgərlər sığınacaqda qorunmağa çalışıblar. Həmin anlarda hər kəs ölüm təhlükəsini hiss edir, bir-biri ilə halallaşırmış.
“Qardaşımla dərdləşirdik. Düşünürdük ki, birdən şəhid olsaq, atamız, anamız buna necə dözər? Ətrafımızda hamı təlaş içində idi. Mən isə bir anlıq sığınacaqdan çıxmaq istədim. Qardaşım Sərxan dəfələrlə mənə “Ayxan, çıxma, indi mərmi düşəcək” dedi. Əvvəlcə onu dinləmədim. Lakin son anda sanki içimdən bir səs gəldi ki, qardaşının sözünə qulaq as. Geri qayıtdım. Elə həmin an sığınacağın girişinə mərmi düşdü. Qardaşımı dinləməsəydim, bəlkə də həmin gün şəhid olacaqdım. Bu hadisə heç vaxt yadımdan çıxmır. Şükür edirəm ki, qardaşımın sözünə qulaq asdım və sağ qaldım”.
Qardaşların sözlərinə görə, müharibə illərində bir-birinin yanında olmaq onlara mənəvi güc verib. Hər ikisi üçün qardaşlıq bağları ilə Vətənə xidmət hissi bir-birini tamamlayıb. Onlar torpaqlarımızın azadlığı uğrunda döyüşməyi həyatlarının ən qürurverici hadisələrindən hesab edirlər. Ayxan Əlizadə qeyd edib ki, azad edilən ərazilərə daxil olduqları anlarda keçirdikləri hissləri sözlə ifadə etmək çətindir: “30 il həsrətində olduğumuz torpaqlara ayaq basmaq, onların gözəlliyini görmək, həmin ərazilərin azad edildiyini yaşamaq möhtəşəm hiss idi. Ağdamda, Xocavənddə olduq. Dağıdılmış əraziləri gördükcə həm kövrəlir, həm də qürur duyurduq. Fəxr edirdik ki, biz də bu torpaqların azadlığı uğrunda döyüşmüşük”.
Qardaşlar Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif ediliblər. Onlar bildiriblər ki, bu təltiflər yalnız şəxsi xidmətlərinin deyil, bütün döyüş yoldaşlarının fədakarlığının, şəhidlərin qanı bahasına qazanılmış Zəfərin rəmzidir. “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, veteranlarımızı qorusun. Ordumuz, dövlətimiz var olsun. Arzumuz budur ki, bir daha müharibə olmasın, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşasın. Allah Ali Baş Komandanımızı və Azərbaycan Ordusunu qorusun”, – deyə qardaşlar vurğulayıblar.
Ayxan və Sərxan Əlizadə üçün 8 Noyabr – Zəfər Günü həm Vətən qarşısında yerinə yetirilmiş borcun, həm də birlikdə keçdikləri çətin döyüş yolunun unudulmaz xatirəsidir. Onlar bir səngərdə yalnız silahdaş deyil, həm də bir-birinin dayağı olublar. Bu gün isə qazandıqları Zəfərlə, şəhid olmuş döyüş yoldaşlarının əziz xatirəsi ilə qürur duyurlar.
Müxbir- Tünzale Arazlı