Xalqımız Zəfər parkını ziyarət edir VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Gününün altıncı ildönümü ölkəmizin hər yerində olduğu kimi paytaxtda da böyük coşqu ilə qeyd edilir. Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anır. Bununla əlaqədar paytaxtın Zəfər parkına səhər saatlarından etibarən çoxsaylı ziyarətçilər üz tutur.
AZƏRTAC xəbər verir ki, ölkəmizin suverenlik və ərazi bütövlüyünü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram olaraq vətəndaşlar, o cümlədən müxtəlif qurumların kollektivləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, vətəndaşlar Zəfər Abidəsini ziyarət edərək onun önünə gül dəstələri qoyur, bu yolda canından keçən qəhrəman oğullarımızı hörmətlə anırlar.
Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycanda Zəfər Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Azərbaycan xalqının həmin müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Qələbənin nümayişi məqsədilə parkda Zəfər muzeyi yaradılıb. Zəfər muzeyi, onu əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici tarix yenidən canlanır.
Fotoqraflar - Səfiyar Məcnun, Aydın Məmmədov