Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla anıb.
AZƏRTAC xəbər verir ki, Zəfər Günündə, bu şanlı bayram günündə ən çox ziyarət olunan məkanlardan biri qəhrəman övladların dəfn olunduğu Şəhidlər xiyabanları olub. Səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və başqaları Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanlarını ziyarət ediblər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub. Uşaqdan böyüyə hər kəs suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirib, onlara bir daha minnətdarlığını ifadə edib.
İlkin Xosrovzadənin anası Bəturə Həsənova oğlunun Zəngilan rayonunun Ağbənd kəndində şəhid olduğunu qeyd edib. O, belə bir oğulun anası olduğu üçün fəxr etdiyini bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin rusəsilli əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Dmitriy Solnçyevin bacısının oğlu Anar Süleymanov isə dayısının Füzulidə şəhid olduğunu deyib. “8 Noyabr – Zəfər Günü xalqımız üçün böyük gündür. Dayım mənə və bütün gənclərə örnək olan insandır”, - deyə o vurğulayıb.
Şəhid qardaşı Sahib Əliyev bayram münasibətilə Azərbaycan xalqını təbrik edib: “Qardaşım İmran Əliyevlə fəxr edirəm. Qardaşlıq borcumu yerinə yetirərək onu ziyarət etməyə gəlmişəm. Həqiqətən də, o, liderlik xüsusiyyətlərinə görə seçilirdi. Laçın və Suqovuşanın azad olunması uğrunda döyüşlərdə layiqli şəkildə iştirak edib”.
Mayor Elnur Şükürlü qardaşı Elvinin Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirib: “Qardaşımla hərbi məktəbdə birgə oxumuşuq. Onunla döyüş yoldaşı olmuşam. Məndən iki kilometr aralıda şəhid olub”.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.