Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular – Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Torpaqlarımızı işğaldan azad etmək bizim üçün böyük qürurdur.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi zamanı Şuşa uğrunda aparılan döyüşlərdə yaralanan keçmiş xüsusi təyinatlı Əfqan Məmmədov bildirib.
Ömrünün 22 ilini hərbi sahəyə həsr edən, 2016-cı il Aprel döyüşlərinə, 2020-ci il Vətən müharibəsinə, 2022-ci il Qisas əməliyyatına və 2023-cü il Antiterror əməliyyatına qatılan Əfqan Məmmədov deyib ki, ən mühüm döyüşlərindən biri Şuşada olub.

Əməliyyata hazırlıq
O, diqqətə çatdırıb ki, Vətən müharibəsi başlayanda Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib. Üç gün sonra Füzuli, Cəbrayıl, Daşkəsən və digər istiqamətlərdəki əməliyyatlara qatılmaq üçün hərəkət ediblər. Şuşa əməliyyatına hazırlıq Qırmızı Bazar istiqamətində başlayıb. Orada qızğın döyüşlər gedib. Sonra özünün də daxil olduğu bölmə Çanaqçı yaşayış məntəqəsinə doğru irəliləyib. Orada Şuşa əməliyyatının planlaşdırılması davam etdirilib. Bölmə Çanaqçıdan Şuşa istiqamətinə yönəlib, Laçın dəhlizinə təxminən üç kilometr qalmış meşəlik ərazidə dayanıb: “Bu gün həmin ərazidən Zəfər yolu keçir. O vaxt isə hərəkət üçün hazır yol yox idi. Əsgərlər ağacların, kolluqların arasından çətin relyefdə irəliləyirdilər. Oradan Şuşadan çıxan mülki əhali, avtomobillər və digər texnikalar görünürdü. Şəhərdə işıqlar söndürülmüş, giriş-çıxış yolları bağlanmışdı”.
Əfqan Məmmədov vurğulayıb ki, Laçın dəhlizinin azad edilməsi Şuşa əməliyyatının mühüm mərhələsi olub. Çünki həmin yol vasitəsilə Şuşa istiqamətinə silah-sursat və s. daşınırmış: “Laçın dəhlizinə hücum gecə saatlarında başlayıb. Dəhliz boyunca düşmən yüksəkliklərdə mövqelər qurmuşdu, hər 10-20 metrdən atəş nöqtələri yerləşdirilmişdi. Azərbaycan əsgərləri aşağıdan yuxarı qalxmalı idilər. Xüsusi təyinatlıların əsas üstünlüyü gizli hərəkət etmək, meşələrdən və relyefdən yararlanaraq düşmənin arxa tərəfinə keçmək idi. Daşaltı istiqamətində digər bölmələr döyüş apararkən onların qrupu fərqli istiqamətdən hərəkət edərək Laçın dəhlizinə çatıb. Dəhlizdə ağır döyüşlər gedib. Bölmə daha sonra Hısıbulağın yuxarısında yerləşən "Vışka” adlanan sıldırım qayalıq istiqamətinə qalxıb. Burada düşmənin snayper və iriçaplı pulemyot mövqeləri var idi. Həmin ərazidə Laçın, Xankəndi və Şuşa istiqamətlərindən artilleriya, “Qrad” və raket atəşləri açılırdı. Laçın dəhlizinin tutulması xüsusi əhəmiyyət daşıyırdı. Şuşaya gedən təminat yolunun nəzarətə götürülməsi düşmənin hərəkət imkanlarını məhdudlaşdırırdı. Bu səbəbdən həmin istiqamətdə döyüşlər son dərəcə ağır keçirdi”.

Şuşanın girişində həlledici döyüş
Əfqan Məmmədovun sözlərinə görə, bölmə “Vışka” istiqamətindən sonra “Əsgər zirvəsi” adlandırılan yüksəklikdə mövqe tutub: “Oradan Şuşanın giriş hissəsi görünürdü. Düşmən şəhərin girişində güclü müdafiə qurmuşdu. Gecə saat 3-4 radələrində əraziyə çatanda hava dumanlı idi. Düşmən Şuşanın girişinə BMP və digər zirehli texnikalar gətirərək, üstümüzə güclü atəş açdı. Həmin vaxt mövqelənmək üçün əlverişli yer yox idi, əsgərlər əsasən ağacların arxasında gizlənməyə çalışırdılar. Bölmə Şuşanın aşağı torpaq yolu ilə Xəlfəli-Turşsu istiqamətində hərəkət etdi. Bu yol da çətin idi. Əsgərlər bir-birlərindən tutaraq, zəncirvari şəkildə qayalıqlardan keçməli oldular. Şuşanın girişinə yaxın üç yolun birləşdiyi ərazidə düşmən texnikaları patrul çəkirdi. İlk cəhddə keçmək mümkün olmadı. Lakin düşmən texnikalarının geri çəkildiyi anda bölmə həmin istiqamətdə irəlilədi”.
Qazi xatırladıb ki, həmin ərazidə düşmənin hərbi təyinatlı texnikaları ilə qarşılaşıblar. Döyüş zamanı düşmənin bir neçə texnikası məhv edilib. Sonra bölmə Şuşa qalasının aşağı istiqamətinə çıxıb. Bölmə komandirinin əmri ilə əsgərlər hava işıqlanana qədər gözləməli olublar. Məqsəd Şuşanın içərisinə irəliləmək olub. Lakin səhərə yaxın düşmənin iki tankı mövqelərin qarşısında dayanıb və atəş açıb. Bu zaman əsgərlər yaralı silahdaşlarını yanlarına çəkərək, səssiz qalmağa çalışıblar. Çünki düşmən onların yerini müəyyənləşdirə bilərdi. Buna baxmayaraq, döyüş şiddətlənib.
Hava işıqlananda isə əraziyə sıx duman çöküb. Bu, əsgərlərin hərəkəti üçün şərait yaradıb. Onlar səddin dağılmış hissəsindən keçərək özlərinə mövqe seçiblər. Şuşa uğrunda döyüşlər bundan sonra daha da şiddətlənib.
Xüsusi təyinatlılar Şuşada
Noyabrın 5-i və 6-sı bölmə Şuşa səddinin arxasına keçib. Noyabrın 7-də artıq düşmən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin şəhərdə olduğunu bilib. Laçın istiqamətindən də Azərbaycan bölmələri gəlib. Şuşa faktiki olaraq Azərbaycan Ordusunun nəzarətinə keçib. Lakin düşmən müqavimət göstərməkdə davam edib.
Əfqan Məmmədov deyib ki, onların tank və digər zirehli texnikalara qarşı vasitələri az olub. Kömək gələnədək səddin qarşısında düşmənin hücumlarını dəf ediblər. Düşmən bir neçə dəfə əks-hücuma keçib. Lakin bu hücumların qarşısı alınıb.

Noyabrın 7-də Şuşanın tamamilə əldən getdiyini anlayan düşmən şəhərə və ətrafına ağır silahlardan, artilleriya və reaktiv raket sistemlərindən atəş açıb. Buna baxmayaraq, Azərbaycan əsgərləri Şuşanı azad ediblər. “Bu gün fəxr edirəm ki, Vətən müharibəsində Qələbənin əldə olunmasında mənim də az da olsa, payım var”, – deyə qazi qürurla söyləyib.
Biz Qələbə qazandıq...
Əfqan Məmmədov bildirib ki, torpaqların azad olunması ilə fəxr etsə də, döyüş yoldaşlarından bəzilərinin şəhid olması onun üçün ağırdır. Onlar uzun illər bir bölmədə xidmət edib, bir çox əməliyyatlarda iştirak ediblər.
“Biz - xüsusi təyinatlılar bir ailə kimi idik. Bir qrupun çətinliyə düşməsi o demək deyildi ki, digər qrup kənarda qalacaq. Bir-birimizə kömək edirdik. Bir yerdə yatmışıq, bir qabdan yemək yemişik, bir çörəyi bölüşmüşük. Sonra həmin insanın şəhid olması çox ağırdır. Bəzən bir neçə saniyə əvvəl yanında olan silahdaşının şəhid olduğunu görürdün. Bir az əvvəl söhbət etdiyin, çiyin-çiyinə döyüşdüyün insan qəflətən həyatını itirir. Bunları sözlə ifadə etmək çox çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Biz Qələbə qazandıq. İnanıram ki, bundan sonra Azərbaycanın bir qarış torpağı da işğal oluna bilməz. Ehtiyatda olsaq da, torpağımız üçün nə lazımdırsa, etməyə hazırıq”, – deyə o əlavə edib.
Zəfərdən sonra Şuşada
Əfqan Məmmədov bildirib ki, Şuşanın azad edilməsindən sonra bir neçə dəfə orada olub. O deyib ki, Şuşa çox dəyişib: “İşğal dövründə şəhərin özünə və tarixi məkanlarına düşmən tərəfindən qayğı göstərilməyib. İndi isə orada bərpa və quruculuq işləri aparılır, yeni tikililər ucaldılır. Şuşa özünə qayıdır”.
Keçmiş döyüşçü diqqətə çatdırıb ki, Şuşada bir ağac onun yaddaşında xüsusi yer tutur: “Döyüş zamanı həmin ağaca iriçaplı silahdan güllə dəyib. Bu gün də güllənin izi ağacın üzərində qalır. Şuşaya səfər zamanı həmin ağacı görüb, izə baxmışam”.

Qeyd edək ki, Vətən müharibəsində yaralandığına görə Əfqan Məmmədov qazi statusu ilə ehtiyata buraxılıb. Dövlət tərəfindən onun müalicəsi və reabilitasiyası üçün şərait yaradılıb. O, dəfələrlə müalicə aldığını, ehtiyac yarandıqda müvafiq tibb müəssisələrinə yönləndirildiyini diqqətə çatdırıb.