Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Qarabağ sakinləri Böyük Qayıdış sayəsində itirdikləri xoşbəxtliyi, təbəssümlərini və doğma torpaqlarını yenidən əldə ediblər.
Bu barədə AZƏRTAC-a açıqlamasında pakistanlı siyasi ekspert Asif Tanver Avan deyib.
Asif Tanver Avan Azərbaycanı tarixi Qələbənin altıncı ildönümü münasibətilə təbrik edərək bildirib ki, Pakistanda Azərbaycan xalqının sevincini bölüşür və bu tarixi günü qardaş ölkə üçün mühüm hadisə kimi qiymətləndirirlər.
Qarabağa etdiyi səfərlə bağlı xatirələrini bölüşən Asif Tanver Avan bu bölgənin onun qəlbində xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Şuşa, Ağdam və Xankəndiyə səfəri ona Böyük Qayıdış prosesinin nəticələrini və doğma torpaqlarına qayıdan insanların həyatında baş verən dəyişiklikləri şəxsən görmək imkanı yaradıb.
“Mən Azərbaycan Prezidentinin səyləri nəticəsində öz evlərinə qayıtmış insanların üzündəki xoşbəxtliyi gördüm. Məktəbə gedən və bizə əl yelləyərək salam verən uşaqları gördüm. Onların üzündəki təbəssüm insanda belə bir hiss yaradırdı ki, sanki onlar vaxtilə itirdikləri nəyisə yenidən tapıblar. Onlar itirdikləri xoşbəxtliklərini, təbəssümlərini, doğma torpaqlarını və irslərini yenidən əldə ediblər”, – deyə o bildirib.
Həmsöhbətimizin sözlərinə görə, Qarabağ sakinlərinin Azərbaycan Prezidentinə səmimi minnətdarlığı onda xüsusi təəssürat yaradıb.
“Mən onların nə qədər minnətdar olduqlarını, Prezidentə sağlamlıq və rifah arzuladıqlarını hiss edirdim”, – deyə ekspert qeyd edib.
Asif Tanver Avan hesab edir ki, Azərbaycan xalqı əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər.
O, həmçinin Azərbaycan-Pakistan münasibətlərinin səmimi dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, Pakistan xalqı Azərbaycanın mədəniyyətinə, ənənələrinə və milli mətbəxinə böyük rəğbət bəsləyir.
“Biz sizin mətbəxinizi sevirik, mədəniyyətinizi sevirik. Siz yer üzündə böyük bir xalqsınız. Azərbaycana tərəqqi, sülh və xoşbəxtlik arzulayırıq”, – deyə o bildirib.
Müxbir - Pərvanə Qafarova