Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO
Berlin, 8 noyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin Azərbaycan dili məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, balacalar əvvəlcə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan dili məktəbinin müəllimi Pərvanə Aslanova uşaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, xalqımızın birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı barədə məlumat verib. O, Zəfər Gününün tariximizdəki əhəmiyyətindən, bu Qələbənin xalqımız üçün mənəvi dəyərindən, Vətən uğrunda canlarından keçən şəhidlərimizin şücaətindən danışıb.
Dərs balacaların Zəfər Gününə həsr olunmuş şeir və mahnıları ilə davam edib. Məktəbin müəllimi Səma Kərimlinin rəhbərliyi ilə hazırlanan ədəbi-bədii kompozisiya isə tədbirə xüsusi bayram ovqatı qatıb.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri balacaları bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, belə maarifləndirici görüşlər xaricdə böyüyən azərbaycanlı uşaqların milli kimliyini, Ana dilini və Vətənlə bağlarını qoruyub saxlaması baxımından mühüm əhəmiyyət daşıyır.