AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivi Bakıda Zəfər parkını ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Zəfərin altıncı ili ölkəmizin hər yerində olduğu kimi paytaxtda da böyük coşqu ilə qeyd edilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılıb.
Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Xatırladaq ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olan Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzidir. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnib. Bu möhtəşəm Zəfər uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir. Bakının 8 Noyabr prospektində yerləşən Zəfər parkı da Vətən müharibəsində qazanılan Qələbənin, xalqımızın birliyinin və şəhidlərimizin qəhrəmanlığının təcəssümüdür.