Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO
Qax, 9 noyabr, AZƏRTAC
Ötən gündən başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bir sıra rayonların ucqar kəndlərinə qar yağıb. İlk qar düşən ərazilərdən biri də Qaxın ucqar yaşayış məntəqələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun İlisu və Sarıbaş kəndlərinə daha çox qar yağıb. Yağıntı dağ kəndlərində havanın temperaturunu da aşağı salıb. Sakinlərin sözlərinə görə, gecə saatlarında ərazidə temperatur 4–6 dərəcəyədək enir. Məlumata əsasən, son 10 ildə ilk dəfədir ki, noyabrın ilk ongünlüyündə bölgəyə qar yağır. Sakinlər ilk qarı ruzi-bərəkət əlaməti kimi qiymətləndirirlər.
İlisu kənd sakini Elvin Məmmədov noyabrın ilk günlərində qarın yağmasını qeyri-adi hal hesab edir. Çünki İlisuda qar əsasən dekabr, yanvar və fevral aylarında yağır.
Digər kənd sakini Həmzə Həmzəyev yağan qarın gözəl mənzərə yaratdığını, müxtəlif xəstəliklərin qarşısını aldığını və təsərrüfatdakı ziyanvericiləri məhv etdiyini bildirib. Bununla yanaşı, o, kənd sakinlərinin qışa hələ tam hazır olmadıqlarını da əlavə edib.
Qeyd edək ki, İlisu kəndi dəniz səviyyəsindən 1400, Sarıbaş kəndi isə 1800 metr yüksəklikdə yerləşir. Hazırda qarın qalınlığı Sarıbaşda 10, İlisuda isə 5 santimetr təşkil edir.
Müxbir – Rasim İslamov