Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO
Vaşinqton, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-dəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə diplomatik korpusun nümayəndələri, xarici səfirlər, hərbi attaşelər, ABŞ hökumətinin və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı tələbələr və icma üzvləri iştirak ediblər.
Tədbir respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Həmayə Baxışovanın ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də noyabrın 9-da Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində həyatını itirən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanın tarixi Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Zəfər Günü və Dövlət Bayrağı Gününün Azərbaycan xalqı üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının işğaldan azad edilmiş ərazilərimizdə dalğalanması tarixi ədalətin bərpasının, ölkənin suverenliyinin və beynəlxalq hüququn təmin olunmasının rəmzidir.
Səfir qeyd edib ki, Azərbaycan müharibə dövründə üzləşdiyi ağır itkilərə və faciələrə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edərək regionda uzunmüddətli sabitliyin və rifahın təmin olunmasına sadiqliyini nümayiş etdirib. Səfir azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunaraq, Azərbaycanın yalnız öz ərazilərində deyil, bütövlükdə Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. O, həmçinin regionda sülh istiqamətində əldə olunan irəliləyişin Azərbaycan–ABŞ münasibətlərinin inkişafına, o cümlədən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə müsbət təsir göstərdiyini bildirib.
Daha sonra Azərbaycanın ABŞ-dəki hərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin Azərbaycan xalqının sarsılmaz birliyinin, Silahlı Qüvvələrinin qəhrəmanlığının və şəhidlərin fədakarlığının nəticəsi olduğunu vurğulayıb. O, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, Zəfər Gününün milli qürur, həmrəylik və qətiyyət rəmzi olduğunu bildirib. K. Tahirbəyli qeyd edib ki, qazanılmış Zəfərin ən mühüm nəticələrindən biri gələcək nəsillər üçün müharibəsiz, təhlükəsiz və firavan gələcək qurmaq imkanının yaranmasıdır. O, sülhün qorunmasının və möhkəmləndirilməsinin şəhidlərin xatirəsinə ehtiramın mühüm ifadəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin rəsmi hissəsindən sonra Həmayə Baxışovanın ifasında musiqi proqramı təqdim olunub. Qəbul zamanı qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.