Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 88-ci ildönümünü, Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanda anmaq üçün bir araya gəlmişik. Atatürk böyük lider, görkəmli dövlət xadimi, məğlubedilməz sərkərdə, islahatçı, cümhuriyyətçi, xalqçı və sülhsevər insan olub. O, türk cəmiyyətinin milli dəyərlərinə bağlı qalmaqla yanaşı, eyni zamanda elmə və sənətə açıq bir cəmiyyətə çevrilməsini hədəfləyib. Onu, silahdaşlarını və bütün şəhidlərimizi rəhmətlə anıram. Qazilərimizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Ali Sevim deyib.
Naxçıvanda fəaliyyətə yeni başlayan diplomat ilk təəssüratlarını bölüşərkən burada özünü, sözün əsl mənasında, evindəki kimi hiss etdiyini bildirib, şəhərin gözəlliyinin, ənənəvi memarlığının və ümumi intizamın onda xoş təəssürat yaratdığını vurğulayıb. Buradakı fəaliyyətinin uğurlu və xoş keçəcəyinə ümidvar olduğunu deyib.
"İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək "- deyə Baş konsul əlavə edib.
Müxbir- Nail Əsgərov