Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib VİDEO
Sankt-Peterburq, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə rəsmi qəbul və konsert proqramı təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, hərbi attaşe, polkovnik Kənan Təhməzov, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Macarıstan, İsveçrə, İtaliya, Koreya Respublikası və Myanmanın Sankt-Peterburqdakı baş konsulları, Pakistan və Suriyanın fəxri konsulları iştirak ediblər. Qonaqlar arasında 44 günlük Vətən müharibəsinin qaziləri, Sankt-Peterburqun ali hərbi təhsil müəssisələrində və universitetlərində təhsil alan azərbaycanlı zabitlər, kursantlar və tələbələr, Azərbaycan icmasının üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, rusiyalı politoloqlar və media nümayəndələri də olublar.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində səfir Rəhman Mustafayev, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və hərbi attaşe Kənan Təhməzov çıxış ediblər. Onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin xalqımızın milli birliyini, əsgər və zabitlərimizin şücaətini təcəssüm etdirdiyini vurğulayıblar. Çıxışlarda 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsinin müharibənin gedişində həlledici rol oynadığı qeyd olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışından və bu ərazilərin minalardan təmizlənməsindən də danışılıb. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 90 mindən çox insan yaşayır, çalışır və ya təhsil alır.
Konsert proqramında Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov, Elnarə Məmmədova, Regina Rüstəmova və Teymur Kazımov, eləcə də “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblı çıxış ediblər. Proqramda “Qarabağ şikəstəsi” zərbi-muğamı, “Zəfər nəğməsi”, “Azərbaycan” və “Bakı” mahnıları səsləndirilib, “Cəngi” və “Qaval” rəqsləri nümayiş etdirilib.
Qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən bəhs edən sənədli film və videoçarxlar nümayiş etdirilib. Rəsmi ziyafətdə Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.