“Forbes” nəşrinin baş yazarı: Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan neft, qaz, ümumilikdə enerji ixracının Avropa bazarına, yaxın qonşu ölkələrə yönəldilməsi baxımından yeni və perspektivli mərhələyə qədəm qoyur.
Bunu AZƏRTAC-a açıqlamasında enerji bazarı üzrə analitik, “Forbes” nəşrinin baş yazarı və müstəqil məsləhətçi Qaurav Şarma bildirib.
O qeyd edib ki, 2000-ci və 2010-cu illərdə “Şahdəniz” layihəsinin istismara verilməsi ilə Azərbaycan böyük həcmdə neft və təbii qaz ixrac edən ölkə kimi dünya enerji xəritəsində möhkəm mövqe qazanıb.
Analitikin sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də “Abşeron” layihəsinin ikinci mərhələsi Azərbaycanın qaz ixracı imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər vəd edir.
“Bu layihələrin əhəmiyyəti xüsusilə Avropa ölkələrinin Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı, geosiyasi gərginliyin artdığı indiki dövrdə daha aydın görünəcək. Azərbaycanın karbohidrogen ehtiyatları Avropada yaranan enerji təchizatı boşluğunun müəyyən hissəsinin doldurulmasına töhfə verə bilər. Bu baxımdan İtaliya, Xorvatiya və Türkiyə ilə yanaşı, Azərbaycanın yaxın qonşuları Gürcüstan və Ermənistanın da enerji tələbatının bir hissəsinin qarşılanması potensialı mövcuddur. Hazırda yeni geosiyasi reallıqlar fonunda, xüsusilə Cənubi Avropa ölkələri Rusiya boru qazından və digər enerji idxalından asılılığı azaltmağa çalışır. Eyni zamanda, onlar dünyanın müxtəlif bölgələrində baş verən geosiyasi risklərin enerji təchizatına təsirini minimuma endirməyə çalışır. Belə bir şəraitdə Azərbaycanın artan qaz ixracı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə Qaurav Şarma vurğulayıb.
Analitik diqqətə çatdırıb ki, bu prosesdə Cənub Qaz Dəhlizinin rolu getdikcə artır. Dəhlizin ötürücülük imkanlarının genişləndirilməsi Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirə bilər.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri sistemi indiyədək etibarlı enerji nəqli marşrutu olduğunu sübut edib. Hazırda isə Cənub Qaz Dəhlizi və xüsusilə “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi Azərbaycanın Cənubi Avropa ölkələrinin enerji təminatında iştirak imkanlarını genişləndirir.
Q.Şarma regionun enerji sektoruna investisiya yatıran beynəlxalq tərəfdaşların da rolunu xüsusi qeyd edib. O bildirib ki, bu tərəfdaşlar arasında Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkəti, “TotalEnergies” və layihələrin əsas yerli iştirakçısı olan SOCAR yer alır. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin potensialının artırılması və regional enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Analitik əlavə edib ki, Azərbaycanın təbii qaz ixracının həcminin təxminən 50,6 milyard kubmetr olması ölkənin Avropa enerji bazarında mövqeyini daha da gücləndirmək üçün əhəmiyyətli potensial yaradır.