Qaurav Şarma: Beynəlxalq tərəfdaşlıq Azərbaycanın enerji ixracı imkanlarını genişləndirir VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanın enerji sektorunda həyata keçirilən yeni layihələr və beynəlxalq əməkdaşlıq ölkənin Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında enerji bazarı üzrə analitik, “Forbes” nəşrinin baş yazarı və müstəqil məsləhətçi Qaurav Şarma bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji ixracı infrastrukturunun inkişafında Cənub Qaz Dəhlizi ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan boru kəməri də mühüm yer tutur.
“Bu marşrutların fəaliyyəti ölkənin enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılmasına imkan verir. “Abşeron” layihəsinin ikinci mərhələsi Azərbaycanın enerji sektorunda yeni inkişaf imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşdırılması ölkənin təbii qaz təchizatında iştirak imkanlarını genişləndirə və Avropa istiqamətində ixrac potensialına əlavə töhfə verə bilər”,- deyə Qaurav Şarma vurğulayıb.
Onun fikrincə, beynəlxalq şirkətlərin investisiya və təcrübəsinin yerli enerji imkanları ilə birləşdirilməsi Azərbaycanın mövcud infrastrukturundan daha səmərəli istifadə etməsinə şərait yarada bilər: “Hazırda Azərbaycan investisiya imkanlarını genişləndirmək məqsədilə yaxın regiondan, Cənubi Avropadan və digər ölkələrdən beynəlxalq tərəfdaşları bir araya gətirir. Burada söhbət yalnız enerji nəqlindən getmir. Nəqliyyat, logistika və digər əlaqəli sahələr də daxil olmaqla, bütün dəyər zənciri formalaşır. Avropa gələcəkdə bu resurslara daha çox etibar edə bilər. Çexiya, Bolqarıstan, İsrail, Ermənistan, Gürcüstan və Türkiyə, eləcə də bir sıra digər ölkələr bu əməkdaşlıqda iştirak edirlər. Bütün bu prosesin mərkəzində isə Azərbaycanın milli enerji şirkəti SOCAR dayanır”.