İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Mühəndis-istehkamçı Əkbərov İntiqam İlqar oğlu Vətən müharibəsi zamanı ən təhlükəli tapşırıqları yerinə yetirən hərbi qulluqçulardan olub. Minalanmış ərazilərdə keçidlərin açılması, düşmənin basdırdığı ölüm saçan partlayıcıların zərərsizləşdirilməsi onun və döyüş yoldaşlarının əsas vəzifəsi idi. 2020-ci il noyabrın 16-da isə Zəngilanın Ağbənd kəndində minaya düşərək ağır sınaqla üzləşib. Bir-birinin ardınca baş verən iki partlayışdan sağ çıxan istehkamçı həmin günü və döyüş yollarını AZƏRTAC-la bölüşüb.
İntiqam Əkbərovun sözlərinə görə, 2020-ci il oktyabrın 1-də Tərtər istiqamətinə yollanıblar. Xoruzlu meşəsi onların toplanış məntəqəsi olub. Minalanmış ərazilərdə keçid açılmasına ehtiyac yarananda qruplar şəklində tapşırıq yerinə yetirməyə göndəriliblər.
Oktyabrın 11-12-də Suqovuşan istiqamətinə aparılıblar. “Qisas” postu istiqamətində minalanmış ərazilərdə keçid açıblar. Bir neçə gün sonra yenidən Tərtərə qayıdıblar. Ardınca Zəngilan istiqamətində tapşırıq alıblar. Əvvəlcə Cəbrayılda bir gün hərbi hissədə qaldıqdan sonra Zəngilana yollanıblar.
İkinci hərbi hissə adlanan ərazidə yerləşdikdən sonra dəmir yolu tuneli istiqamətində minalanmış sahələri təmizləyiblər. Daha sonra Bartaz və Şükürataz yüksəkliklərinə gedən yolların minalardan təmizlənməsi işlərinə cəlb olunublar. Ağbənddəki Mehman yüksəkliyində isə sərhəd qoşunlarının yerləşdirilməsi üçün nəzərdə tutulan “Üç təpə” adlanan ərazinin yoxlanılmasında iştirak ediblər. “Mehman” yüksəkliyindən düşəndə minalanmış sahədə keçid açaraq sərhəd qoşunlarının yerləşdirilməsini təmin ediblər.
Suqovuşan istiqamətində Qisas postu yaxınlığında baş verən bir hadisə isə yaddaşında xüsusi yer tutur. Həmin vaxt POMİNS qurğusu vasitəsilə minalanmış ərazidə keçid açmalı olublar. Təxminən 50 metr uzunluğunda və 50 santimetr enində keçid yaradan qurğunun ilk cəhdi uğursuz alınıb. Qurğunu yenidən qurmaq lazım gəlib.
“Qarşımızda ermənilərin səngəri yerləşirdi. Ərazi tamamilə açıq idi. Qurğunu quraşdırdıq, lakin partlamadı. Yenidən xüsusi qaydada zərərsizləşdirib partlatmalı olduq. Yenidən qurduq, minalanmış sahə 100 metrdən çox olsa da, qurğu cəmi 50 metr getdi. Növbəti dəfə qurğunu yerləşdirmək üçün komandirimizlə birlikdə minalanmış sahəyə girdik. İki nəfər idik. Tanımadığımız ərazi idi, sağımızda da, solumuzda da mina ola bilərdi. Bizim atışmağa ixtiyarımız yox idi. Mühəndis-istehkamçı olduğumuz üçün elə girib çıxmalıydıq ki, düşmən bunu hiss etməsin. Axşamtərəfi keçidi açdıq. Ən böyük riskimiz düşmənin bizi görməsi və əlimizdəki partladıcı qurğunu hədəfə alması idi. Belə vəziyyətlərdə əsas riskimiz olduğumuz şəraitin təhlükəsi idi”, – deyə o xatırlayır.
Bütün bu təhlükələrə baxmayaraq, onları irəli aparan əsas qüvvə tapşırığı yerinə yetirmək istəyi olub. İntiqam Əkbərov bildirir ki, yorulmaq barədə düşünmürdülər. Əksinə, tapşırığa göndərilməyəndə məyus olurdular.
“Bizə ən pis təsir edən tapşırığa getməmək idi. Əvvəlcə bir qrupa tapşırıq veriləcəyini deyib, sonra başqa qrupu göndərəndə pisimizə gəlirdi. Çünki biz də getmək, üzərimizə düşən işi görmək istəyirdik”, – deyə müsahibimiz bildirir.
Döyüş bölgəsində yaşadıqları çətinliklər arasında soyuq, yağış və ağır məişət şəraiti də olub. Lakin o günlərdən yadında qalan maraqlı məqamlardan biri məhz soyuq hava şəraitində belə xəstələnməmələri olub. Bartaz-Şükürataz yüksəkliyində torpağı qazıb üzərini çadırla örtür, gecəni həmin sığınacaqlarda keçirirmişlər. Hətta yağış altında qaldıqları gecələrdən sonra da səhər heç kimin xəstələnməməsi onu indi də təəccübləndirir.
Mühəndis-istehkamçının sözlərinə görə, minalanmış ərazilərdə hər dəfə yeni təhlükə ilə qarşılaşırdılar. Bəzi yerlərdə tank əleyhinə minaların üzərində piyada əleyhinə minalar basdırılırdı. Belə hallarda birinci minanın partlaması ikincinin də partlamasına səbəb ola bilərdi. Bartaz-Şükürataz yolunda tank əleyhinə minanın altından və üstündən də minalar aşkar etmələri yaddaşında qalıb. Torpağın quruluşundan şübhələnərək yoxlama aparıb və əlavə mina tapıblar. Elə hal olub ki, minanı basdırıb qoruyucu pinini çəkməyiblər. Mühəndis- istehkamçıya aid olmayan digər partladıcılar da qoymuşdular. Mehri yolunda dağı dinamitlə partlatmışdılar.
Suqovuşanda isə əvvəlcədən hətta düşmənin vaxtilə yerləşdiyi geniş əraziləri özləri ola-ola minaladığını, bəzi yerlərdə mina təhlükəsinin məftillər və xəbərdarlıq nişanları ilə göstərildiyini deyir. Zəngilanda isə geri çəkilən düşmənin müxtəlif yerlərə minalar basdırdığını, bəzən onları nizamsız şəkildə yola səpələdiyini qeyd edir.
Noyabrın 16-sı... İki partlayış və sağ qalmaq uğrunda mübarizə
İntiqam Əkbərovun həyatında ən ağır anlardan biri 2020-ci il noyabrın 16-da yaşanıb. Həmin gün səhər saatlarında Zəngilan rayonunun Ağbənd qəsəbəsində, “Mehman” yüksəkliyində “Üç təpə” deyilən ərazinin birinci təpəsində tapşırıq yerinə yetirirmişlər. Saat 10-11 radələrində minaya düşüb. Həmin vaxtadək təxminən 26 mina aşkar edib çıxarmışdı. Lakin bu dəfə bir anlıq sürüşmə onun həyatını dəyişdi.
“Minanı əvvəlcədən tapmışdım. Minaaxtaranı kənara qoyub onu çıxarmaq üçün əyilmək istəyirdim. Sağ ayağım arxada idi. Ayağımı qabağa atmaq istəyəndə sol ayağım sürüşərək minanın üzərinə düşdü. Partlayış məni qabağa atdı. Yıxılarkən əlimi yerə qoydum və düz əlimin altında ikinci mina partladı”, – deyə İntiqam Əkbərov həmin anları yada salır.
İki partlayışın ardınca bir anlıq sükut yaranıb. Döyüş yoldaşları ona baxırmışlar. İlk anda hamısı onun öldüyünü düşünüb. İntiqam isə huşunu itirməmişdi. Ağrıya baxmayaraq, özünü itirməmiş, yoldaşlarının ona baxdığını görmüşdü.
“Bir az baxdım uşaqlara. Gördüm hamısı mənə baxır. Dedim ki, niyə baxırsınız, gəlin kömək edin də. Bunu deyəndən sonra ‘Sağdır!’ söyləyib yanıma gəldilər”, – deyə o danışır.
Yoldaşları onu təhlükəli ərazidən çıxarıb ilkin tibbi yardım göstəriblər. Daha sonra ədyalın arasına qoyaraq dağdan aşağı endiriblər. İntiqam Əkbərov həmin vaxt huşunu itirmədiyini, ağrı və acı hiss etsə də, özünü ələ ala bildiyini deyir.
Əvvəlcə Füzuliyə, sonra Qubadlıya aparılıb. Daha sonra Bakıya təxliyə edilib. Həmin gün axşam saat 19-20 radələrində hospitala çatdırılıb. Bu hadisədən sonra onun yaddaşında təkcə iki partlayış deyil, həm də doğma torpaqlarda yerinə yetirdikləri missiya, döyüş yoldaşlarının fədakarlığı və qələbəyə aparan yol qalıb.
“Doğma torpaqlara ayaq basmağın əvəzi yoxdur”
İntiqam Əkbərov üçün Vətən torpaqlarına qayıtmaq, azad edilən ərazilərdə olmaq və qələbəni döyüş meydanında yaşamaq sözlə ifadəsi çətin duyğulardır.
“Doğma torpaqlara ayaq basmaq çox gözəl hiss idi. Onun əvəzi yoxdur. Qələbəni döyüş meydanında yaşamaq ən gözəl hisslərdən biridir. Orada yaşadığımız anları indi nə qədər çalışsaq da, yenidən hiss edə bilmərik. Bəzən keçid açmaq üçün atışmanın bitməsini gözləyirdik. Dağın yamacında uzanıb minaatanlardan atılan mərmiləri göydə izləyirdik. Heç düşünmürdük ki, mərmi bizim tərəfə düşə bilər. Deyirdik ki, kaş atışma qurtaraydı, biz də keçidimizi açaydıq. Önə getməyi çətin hesab etmirdik. Çünki məqsədimiz tapşırığı yerinə yetirmək idi”, – deyə mühəndis-istehkamçı vurğulayır.
İntiqam Əkbərovun danışdıqları müharibənin yalnız atəş və döyüşdən ibarət olmadığını bir daha göstərir. Bəzən bir keçidin açılması, bir yolun təmizlənməsi, bir ərazinin təhlükəsizliyinin təmin olunması üçün insan həyatını riskə atmaq lazım gəlirdi. Onun 2020-ci il noyabrın 16-da üzləşdiyi ikiqat mina partlayışından sağ çıxması isə müharibənin yaddaşında qalan ən ağır sınaqlarından biridir.