Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Bakıda eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov dövlət tərəfindən idmana yüksək səviyyədə qayğı göstərildiyini qeyd edib. O, deflimpiya və paralimpiyaçılara dəstək göstərildiyini diqqətə çatdırıb.
Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib. O, bu idman növünün insanlar arasında dostluq münasibətlərini daha da dərinləşdirəcəyinə inandığını söyləyib.
Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov ölkə rəhbərliyi tərəfindən idmana davamlı şəkildə dəstək göstərildiyini vurğulayıb: "Bunun sayəsində Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Deflimpiya idman növündə uğurlarımız var. Həqiqətən də deflimpiya hərəkatı insanlar arasında dostluq əlaqələrini genişləndirir".
Ardınca Azərbaycan Deflimpiya Komitəsinin bu günədək keçdiyi yol videoçarx vasitəsilə nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.