Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Bakıda eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı ilk dəfədir keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov Avropa çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, ölkəmizdə deflimpiya hərəkatının inkişafı 2023-cü ildə Azərbaycan Deflimpiya Komitəsinin yaradılması ilə yeni mərhələyə qədəm qoyub: “Qısa müddət ərzində idmançılarımız bir sıra uğurlara imza atıblar. Tokioda keçirilən XXV Deflimpiya Oyunlarında cüdoçumuz Coşqun Əliyev gümüş mükafat qazanaraq deflimpiya hərəkatı tarixində Azərbaycanın ilk medalını əldə edib. İlk dəfə təşkil olunan Avropa çempionatı həm idmançılarımız, həm məşqçilər, həm də təşkilatçılar üçün böyük həyəcan və məsuliyyət deməkdir. Bu yarış ölkəmiz və xalqımız üçün qürurverici hadisədir. İnanırıq ki, idmançılarımızın çəkdiyi zəhmət öz bəhrəsini verəcək və onlar yeni uğurlarla bizi sevindirəcəklər. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda təşkili eşitmə məhdudiyyətli vətəndaşlarımızın idmana daha geniş cəlb olunmasına və bu sahənin təbliğinə böyük töhfə verəcək”.