Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunan sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika” adlı sərginin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq rəssamının yaradıcılığı barədə məlumat verib.
Səadət Yusifova qeyd edib ki, Azərbaycan monumental-dekorativ sənətinin inkişafında mühüm rol oynayan Oqtay Şıxəliyev özünəməxsus bədii təfəkkürü, zəngin koloriti, forma və kompozisiya axtarışları, eləcə də milli sənət ənənələrinə yaradıcı münasibəti ilə seçilir. “Onun yaradıcılığında monumental-dekorativ sənət, dəzgah rəngkarlığı və keramika bir-birini tamamlayaraq vahid bədii dünya yaradır. Xalq sənətinin zəngin rəng və ornament ənənələrindən bəhrələnən Oqtay Şıxəliyev onları müasir bədii axtarışlarla birləşdirərək özünəməxsus sənət dili formalaşdırmışdır.
Sərgi sənətkarın çoxşaxəli yaradıcılığına bütöv nəzər salmaq, onun müxtəlif sənət sahələrindəki axtarışlarını izləmək və Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələri yenidən dəyərləndirmək imkanı yaradacaq”,- deyə mədəniyyət nazirinin müavini əlavə edib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova diqqətə çatdırıb ki, ekspozisiyada Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalardan seçilmiş, sənətkarın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 50-dən çox əsər nümayiş edilir.
Şirin Məlikova rəssamın monumental əsərlərinin miqyaslı kompozisiya həlli, dekorativ ifadəlilik və rənglərin ahəngdar münasibətilə diqqəti cəlb etdiyini deyib: “Bakı Sirkinin bədii tərtibatı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin mozaik pannosu və digər monumental kompozisiyaları onun bu sahədəki sənətkarlığının parlaq nümunələrindəndir. Sərgidə “Gənc kimyaçı”, “Qobustan”, “Rasim”, “Rəssamın qızı Nigarın portreti”, “Meksika silsiləsi”, “Abşeron”, “Natürmort. Güllər”, “Mənzərə” və digər əsərlər təqdim olunur. Bu nümunələr sənətkarın portret, mənzərə və natürmort janrlarında yaradıcılıq axtarışlarını, rəng və kompozisiyaya fərdi yanaşmasını əks etdirir. Oqtay Şıxəliyevin bədii irsində keramika da xüsusi yer tutur. Onun yaratdığı vazalar və dekorativ lövhələrdə milli ornament ənənələri müasir bədii təfəkkürlə qovuşur, rəng və formanın ahəngdar vəhdəti öz ifadəsini tapır.
1980-ci illərdə Meksikaya etdiyi yaradıcılıq səfəri rəssamın bədii dünyagörüşünü zənginləşdirmiş, əsərlərində yeni mövzuların, rəng münasibətlərinin və ifadə vasitələrinin meydana çıxmasına təkan verib. Xalq sənətinin zəngin rəng və ornament ənənələrindən bəhrələnən Oqtay Şıxəliyev onları müasir bədii axtarışlarla birləşdirərək özünəməxsus sənət dili formalaşdırıb”.
Tədbirdə Xalq rəssamı Salxab Məmmədov, “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli Xalq rəssamı Oqtay Şıxəliyevin özünəməxsus yaradıcılığından, bənzərsiz əsərlərindən söhbət açıblar.
Sonda ailə üzləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edilib.