Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO
Kiyev, 11 noyabr, AZƏRTAC
Ukrayna Azərbaycanın biznes nümayəndələri ilə titan və energetika sahələri, eləcə də dövlət büdcəsinin gəlir hissəsini formalaşdıran digər strateji əhəmiyyətli sahələr də daxil olmaqla, yeni aktivlərin mümkün əldə edilməsi ilə bağlı danışıqlar aparır. Bununla yanaşı, genişmiqyaslı müharibə dövründə bu günədək Ukraynaya xarici şirkət tərəfindən yatırılmış ən böyük investisiya məhz Azərbaycan investisiyası olaraq qalır.
Bu barədə Ukrayna Dövlət Əmlak Fondunun (UDF) rəhbəri Dmitri Nataluxa AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb.
“Əslində, biz Azərbaycan biznesini digər tərəfdaşlara və başqa ölkələrə nümunə göstəririk. 2024-cü ildə məhz Azərbaycan şirkəti hərracda Ukraynanın “Birləşmiş Mədən-Kimya Şirkəti” (BMKŞ) müəssisəsini təxminən 100 milyon dollara satın alıb. Bu müəssisə titan sənayesinin aparıcı şirkətlərindən biridir. Hazırda müəssisə fəaliyyətini davam etdirir və onun modernləşdirilməsi həyata keçirilir. Biz şirkətə səfər etmiş, bilavasitə istehsal obyektlərində və hasilat sahələrində olmuşuq. Bu, həqiqətən də ruhlandırıcıdır.
Beləliklə, Azərbaycan biznesi Ukraynanın gələcəyinə inandığını, ölkələrimiz arasında tərəfdaşlığa güvəndiyini və təəssüf ki, hələ də digər ölkələrin nümayəndələrini və xarici şirkətləri çəkindirən bütün risklərə baxmayaraq, investisiya yatırmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirdi”, – deyə Nataluxa qeyd edib.
O vurğulayıb ki, Odessa Liman Zavodunun özəlləşdirilməsi prosesində də Ukrayna Azərbaycanın biznes nümayəndələri və azərbaycanmənşəli ən böyük investisiya fondlarından biri ilə danışıqlar aparıb.
“Təəssüf ki, özəlləşdirmənin tarixi ABŞ-də baş verən müəyyən hadisələrlə üst-üstə düşdü və bu, sövdələşmənin gedişinə təsir göstərdi. Bununla belə, Odessa Liman Zavodunun yenidən özəlləşdirməyə çıxarılmasını istisna etmirik və bu hərracda iştirakları ilə bağlı azərbaycanlı tərəfdaşlarımızla yenidən dialoq aparmaq niyyətindəyik.
Beləliklə, birinci istiqamət Odessa Liman Zavodudur. Bu, təbii qazla işləyən, çox maraqlı və perspektivli aktivdir. Azərbaycan isə kifayət qədər təbii qaz ehtiyatlarına malikdir. Buna görə də mənim fikrimcə, Qara dənizin o biri sahilində, Ukraynanın ən böyük və ən dərin limanında öz dayaq məntəqəsinə malik olmaq imkanı Azərbaycan şirkətləri üçün böyük maraq doğura bilər”, – deyə Dövlət Əmlak Fondunun rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ikinci perspektivli istiqamət energetika sahəsidir: “Ukraynanın enerji müəssisələrinin satışı üzrə təşkil olunan hərraclarda Azərbaycan şirkətlərinin potensial iştirakı barədə də onlarla danışıqlar aparırıq. Söhbət, xüsusilə, hazırda ölkənin, yəqin ki, ən böyük elektrik enerjisi treyderi olan “Ukrayna Enerji Şirkəti”ndən gedir. Digər aktiv isə həm fiziki şəxslərə, yəni fərdi istehlakçılara, həm də hüquqi şəxslərə – şirkətlərə, müəssisələrə, zavodlara və digər təşkilatlara elektrik enerjisi təchizatı üzrə universal xidmətlər göstərən “Xarkovenerqosbıt” şirkətidir. Hər iki aktivə maraq olduğunu görürük və düşünürəm ki, artıq gələn il daha konkret danışıqlara başlayacağıq. Bundan əlavə, alüminium sənayesinə də maraq müşahidə olunur. Söhbət Nikolayev Gil Torpaq Zavodundan gedir. Bu məsələdə də Azərbaycanın marağını hiss edirik. Buna görə də hesab edirəm ki, Azərbaycan biznesinin bu cür səmərəli əməkdaşlığı və Azərbaycanın hakimiyyət orqanlarının özəlləşdirmə proseslərinə dəstəyi həm Ukrayna, həm də Azərbaycan tərəfi üçün faydalı olacaq”.
Dövlət Əmlak Fondunun rəhbəri Azərbaycan tərəfi ilə əməkdaşlığın daha bir istiqamətinin Bakıdakı “Tavriya” xüsusi avtomobil mərkəzi ilə bağlı məsələ olduğunu da əlavə edib: “Əslində, bunun tarixçəsi hələ Sovet İttifaqı dövründən başlayır. İttifaqın dağılmasından sonra elə bir vəziyyət yarandı ki, Azərbaycanın əmlakı Ukrayna ərazisində, Ukraynanın əmlakı isə Azərbaycan ərazisində qaldı. Təəssüf ki, Azərbaycan əmlakının yerləşdiyi Ukrayna ərazisinin bir hissəsi hazırda müvəqqəti işğal altındadır.
Bununla yanaşı, Azərbaycan ərazisində, Bakı şəhərində yerləşən Ukrayna əmlakının özəlləşdirilməsi ilə bağlı hökumətlərarası razılaşma mövcuddur. Bununla əlaqədar müvafiq razılıqlar əldə olunub və zəruri sazişlər imzalanıb. Hazırda uzun tarixçəsi olan və xeyli uzanmış bu prosesi nəhayət gələn il başa çatdırmaq, Bakıdakı əmlakı satışa çıxarmaq və ona layiqli alıcı tapmaq üçün əlimizdən gələni edirik. Ola bilsin, bu dəfə də alıcı Azərbaycan tərəfi olsun. Biz buna yalnız sevinərik.
Beləliklə, əsasən dövlətlərarası və hökumətlərarası xarakter daşıyan bu istiqamət çərçivəsində Dövlət Əmlak Fondu azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı davam etdirir”.