NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Mövcud münaqişələrə baxmayaraq, Azərbaycanın yerləşdiyi regionda neft və qaz hasilatının maya dəyəri hələ də ən aşağı səviyyədədir və hasilat potensialı mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında “National Energy Services Reunited” (NESR) şirkətinin sədri və baş icraçı direktoru Şerif Foda bildirib.
Baş icraçı direktor Azərbaycanın enerji sektorunun potensialı, regionun dayanıqlılığı və neft-qaz hasilatının artırılması imkanlarından danışıb.
Ş.Fodanın sözlərinə görə, Qafqaz regionu ilə Xəzər hövzəsi arasında yüksək inteqrasiya səviyyəsi mövcuddur və bu istiqamətdə həyata keçirilə biləcək çoxsaylı layihələr var.
“Bütün bu proseslərdə Azərbaycan mühüm rol oynayır və hazırda baş verən hadisələr fonunda ölkənin strateji əhəmiyyəti daha da artır. Azərbaycanda neft və qaz hasilatının böyük hissəsi dəniz yataqlarının payına düşür. Bununla yanaşı, ölkənin quruda yerləşən, uzun illərdir istismar olunan qədim yataqları da mövcuddur. Müasir texnologiyaların tətbiqi ilə bu yataqların hələ üzə çıxarılmamış potensialından daha səmərəli istifadə etmək mümkündür. Qeyri-ənənəvi işlənmə üsulları və qabaqcıl texnoloji həllər vasitəsilə qurudakı yataqlarda hasilatın həcmini artırmaq olar”, - deyə şirkətin sədri vurğulayıb.
Ş.Foda qeyd edib ki, Azərbaycan dəniz yataqlarının işlənməsi sahəsində mühüm nailiyyətlər əldə edib: “Növbəti mərhələdə müasir texnologiyaların tətbiqi qurudakı yataqların hasilat potensialının artırılmasına əhəmiyyətli töhfə verə bilər”.